
On minlərlə məcburi köçkün dövlət tərəfindən onlara verilən vahid aylıq müavinətdən məhrum olacaq.
Bu barədə Gununsesi.info-ya məlumatlı mənbədən məlumat daxil olub.
Məlumatda bildirilir ki, bu, Hesablama Palatasının istəyi ilə baş verəcək.
Belə ki, Nazirlər Kabinetinin bir neçə il əvvəl verdiyi qərara əsasən VÖEN-i olan və sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlət tərəfindən verilən “çörəkpulu” dayandırılmaldır.
Ancaq köçkünlərin həssas təbəqə olmasını nəzərə alan “Qaçkınkom” rəhbərliyi bu addımı atmaqdan çəkinirdi. Çünki, birdən-birə on minlərlə köçkünün vəsaitinin dayandırılması ciddi sosial etiraza səbəb ola bilərdi.
Ancaq Hesablama Palatasının Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsində apardığı yoxlamadan sonra bunu nöqsan kimi üzə çıxarması və bunu nümayişkaranə elan etməsi artıq bu qurum rəhbərliyini də çıxılmaz duruma salıb.
Hesablama Palatası məlum yoxlamanın ictimaiyyətə “Qaçkınkom”da korrupsiya kimi təqdim etməsi də diqqətdən yayınmaya bilməz.
Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, təxminən 50 min köçkünə tətbiq olunacaq qərar avqustdan icra olunacaq.
Çörəkpulu kəsilənlər isə əsasən vergi orqanlarında qeydiyyatdan keçən dərzi, bərbər, ofisiant, pinəçi, satıcı və taksi fəaliyyətilə məşğul olan şəxslərdir.
Afət Abbasova
Gununsesi.info