
Ədliyyə Nazirliyi yenidən qeydiyyat üçün müraciət edən daha bir partiyaya imtina cavabı verib.
Gununsesi.info bildirir ki, bu, eks-spiker Rəsul Quliyevin lideri olduğu Gələcək Azərbaycan Partiyasıdır.
Partiyanın açıqlamasında deyilir:
“Ədliyyə Nazirliyi təqdim etdiyimiz siyahının yoxlanmasını başa çatdırıb. Bu barədə bizə yazılı cavab məktubu təqdim edilib.
Bir sıra xırda və texniki çatışmazlıqlar var. Ümumilikdə Gələcək Azərbaycan Partiyası mövcud “Siyasi Partiyalar haqqında” qanunun tələbinə uyğun olaraq Ədliyyə Nazirliyinə partiya üzvlərinin 5073-nün reyestrə məlumatlarını təqdim edib.
Məlum reyestr məlumatları Ədliyyə Nazirliyi tərəfindən təhlil edilmiş, dəqiqləşdirmələr aparmış və ortaya belə nəticə çıxmışdır:
– 3224 nəfər onlara Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən edilmiş zənglər nəticəsində Gələcək Azərbaycan Partiyasının üzvü olduqlarını rəsmən təsdiq edib;
– 687 nəfərin məlumatları reyestrə işlənən zaman partiyamızın işçi qurupunun üzvlərinin səhvi nəticəsində doğru işlənilməmiş, nəticədə Ədliyyə Nazirliyi bu şəxslərin şəxsiyyətini müəyyən edə bilməmişdir;
– 64 nəfər dünyasını dəyişmiş;
– 4 nəfərin 18 yaşı sentyabr ayında tamam olacağı səbəbindən üzv kimi sayılmayıb;
– 113 nəfər partiyanı məlumatlandırmadan digər partiyalara transfer olub;
– 232 nəfər partiyamızın işçi qurupunun səhvi nəticəsində reyestrə təkrar yazılmış;
– 746 nəfər isə müəyyən səbəblərdən Gələcək Azərbaycan Partiyasının üzvü olmadığını bildirmişdir.
Nəticə və statistika etibarı ilə Ədliyyə Nazirliyinə təqdim etdiyimiz imzaların 64%-i keçərli imza olaraq rəsmən tanınmışdır. Qüsurlu hesab edilmiş 36% imzanı isə 30 gün müddətində aradan qaldırıb, yenidən nazirliyə təqdim etməliyik”.
Qeyd edək ki, adıçəkilən təşkilat hökumətyönlü qurumlardan hesab olunur.
Şəbnəm
Gununsesi.info