Sovet Rusiyasına dəfələrlə gəlib-getsə də, sonuncu dəfə, 1950-ci illərin əvvəlində gələndə SSRİ, buradakı həyat heç gözləmədiyi halda onu məyus etdi. Səbəblər çoxdu – əvvəla, sevdiyi, təsirləndiyi avanqardist sənətçilər Mayakovski və Meyerhold nadir hallarda xatırlanır və artıq rəsmi bəyənilmirdi.
Mayakovskini niyə sevdiyini bilirəm, müəllimi sayırdı, şerlərini onun üslubunda da yazırdı, amma məncə, müxtəlif adamlar, müxtəlif çaplı şəxsiyyətlər və istedadlar idi, bu məqama az sonra qayıdacam. Meyerhold başqa məsələ…
İkincisi, bütün yazarlar əsərlərində Stalinin adını çəkməliydilər, dünya proletarlarının böyük rəhbəri həmişə xatırlanmalı, təriflənməliydi.
Üçüncüsü, SSRİ rəhbərliyi Nazim Hikmətin əsərlərini – şer və pyeslərini, məqalələrini rus və başqa dillərə çevirsə, güclü təbliğ etsə də, əsərləri tərcümə zamanı bilərəkdən, siyasi nədənlərdən təhrif edilirdi. Bu, Nazim Hikməti qıcıqlandırırdı, təbii.
Sovet rəhbərliyi, daha doğrusu ideologiyası bu nəhəng bədənli, nəhəng istedadlı, nəhəng şəxsiyyətli insandan öz məqsədləri üçün istifadə edirdi – beynəlmiləlçi əqldəli, damarlarında qarışıq beynəlmiməl alman, polyak, türk qanı axan, dönməz kommunist, öz dəyərləri uğrunda on il türk həbsxanalarında yatmış, əyilməmiş, sınmamış Nazim sovet təbliğatı üçün əla fiqur idi. Şairin bütün şerləri rus dilində, mükəmməl tərcümələrdə nəhəng tirajlarla çıxırdı. Amma bu gün Rusiyada onu Mayakın – Mayakovskinin yarısı, on, heç olmasa bir faizi qədər tanıyan, xatırlayan varmı?!..
Türkiyədə, Azərbaycanda isə kommunist olmasına baxmayaraq anılır, xatırlanır, sevilir – istedadı siyai baxışlarını və ideologiasını dəfələrlə üstələyən bütün şairlər, nasirlər kimi…
Bir dəfə şair dostlarına, özəlliklə də yaxın olduğu İlya Erenburqa demişdi: “Yoldaş Stalinə böyük hörmətim var, amma onun günəşlə müqayisəsini qəbul edə bilmirəm. Bu, təkcə pis şeir deyil, bu zövqün pisliyidir”.
Belə söz özlüyündə təhlükəli olsa da, İlya Erenburqa demək lap təhlükəliydi – İlya Erenburq Stalinə yaxın idi. Amma Erenburq bu sözü sirr kimi saxladı, stalinizm bitəndən sonra yaydı.
Hikmətlə Mayakovskinin fərqini göstərən olay. Paris dəbiylə şıq geyinmiş, cibi pulla dolu Mayakovski intiharından az öncə, həmin Parisdə keçmiş qələm dostlarını-tanışlarını, bolşevizmə baş əyməmiş yarıac rus mühacirlərini bahalı restoranda qonaq edəndə gözlənilmədən hönkürüb ağlamış, spirtin doğurduğu səmimyyətlə etiraf etmişdi: “Mən daha şair deyiləm. Mən ədəbi məmuram”.
Nazim Hikmət müəllimi saydığı bu adamım taleyini yaşamadı, amma onu infarkt vurdu…
Nazim Hikmətin sonuncu arvadı, “Soyuzmultfilm”də redaktor işləyən, dramaturq Veronika Tulyakova ilə eşq macərası və evliliyi maraqlıdır.
Vera ailəli, bir qızı olmasına baxmayaraq, evli Nazim də onun atasından 3 yaş böyük olmasına baxmayaraq ilk görüşdən bir-birilərinə bir könüldən min könülə aşiq olmuşdular.