
Son günlər Azərbaycanda social media şəbəkələrində AzadlıqRadiosunun bəzi keçmiş əməkdaşları və digər şəxslər radionun rəhbərliyinə qarşı müxtəlif iddialar səsləndirirlər.
Gununsesi.info bildirir ki, AzadlıqRadiosu avqustun 4-də bu iddialarla bağlı açıqlama yayıb.
“AzadAvropa/AzadlıqRadiosu sosial mediada yayılan, Azərbaycanda jurnalistika fəaliyyətimizi ləkələməyə çalışan əsassız iddialardan dərin narahatlıq bildirir. AzadAvropa/AzadlıqRadiosu azad və ədalətli jurnalistikaya sadiqdir”, – açıqlamada deyilir.
Azərbaycan Baş Prokurorluğu 2014-cü ildə AzadlıqRadiosunun Bakı bürosunda reyd keçirərək onun qapısını möhürləyib. Hakimiyyət orqanları radionu vergi və maliyyə pozuntularında ittiham edib. Radionun azadliq.org vebsaytı isə 2017-ci ilin martından Baş Prokurorluğun müraciəti ilə Azərbaycanda bloklanıb. Prokurorluq vebsaytın ölkənin milli təhlükəsizliyinə hədə yaratdığını bildirib. Amma məhkəmədə bu iddianı müdafiə tərəfi təkzib edib.
AzadlıqRadiosu həm vergi ittihamları, həm də vebsaytının bloklanmasından Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət verib, hər iki iş üzrə məhkəmənin qərarını gözləyir.
Azərbaycan hakimiyyəti ölkədə təməl insan haqları, söz və ifadə azadlığının pozulmasına dair beynəlxalq insan haqları qruplarının tənqidini qəbul etmir.
Bəyanatda vurğulanır ki, AzadlıqRadiosu indiyədək hakimiyyət rəhbərliyində olan şəxslərin fəaliyyətinə dair araşdırmalar dərc edib:
”Radio Azərbaycanda hökumətin mediaya total nəzarət etdiyi bir mühitdə senzurasız, qərəzsiz, balanslı jurnalistika fəaliyyətini davam etdirir, aparıcı müstəqil xəbər mənbəyi imicini qoruyub saxlayıb”.
Mais
Gununsesi.info