Xəstəxananın bombalanmasından sonra israilli nazirdən SKANDAL PAYLAŞIM

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir xəstəxanaya hücumdan sonra sosial media hesabında qalmaqallı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, Ben-Qvir Qəzza zolağında xəstəxanada baş verən partlayışdan sonra “X” sosial media hesabından açıqlama yayıb. “HƏMAS girovlarını azad etmədikcə, Qəzzaya girmək üçün lazım olan yeganə şey bir qram humanitar yardım deyil, Hərbi Hava Qüvvələrinin yüzlərlə ton partlayıcısıdır”, – Ben-Qvir öz paylaşımında yazıb.

Qəzza zolağındakı Baptist xəstəxanasına (Əl-Əhli ərəb xəstəxanası) hava hücumu ilə bağlı İsrail ordusunun sözçüsü Daniel Hagari, “Bunun İsrailin hava hücumu olub-olmadığını bilmirəm” deyib.

İsrailin Qəzza zolağındakı Baptist xəstəxanasına hava hücumundan sonra açıqlama verən İsrail ordusunun sözçüsü Daniel Hagari, xəstəxananın bombalanması ilə bağlı təfərrüatların olmadığını ifadə edib. “”Təfərrüatları əldə edib ictimaiyyətə məlumat verəcəyik. Bunun İsrailin hava hücumu olub-olmadığını bilmirəm”, – deyə o əlavə edib.

Qəzza zolağında xəstəxanaya edilən hücumdan sonra Fələstin prezidenti Mahmud Abbas 3 günlük milli matəm elan edib. İsrailin bombardmanları nəticəsində minlərlə fələstinlinin didərgin düşdüyü xəstəxanada ən azı 500 adam həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus açıqlamasında deyib: “Biz Qəzzanın şimalında Əl-Əhli ərəb xəstəxanasına edilən hücumu şiddətlə qınayırıq. İlkin məlumata görə, yüzlərlə ölü və yaralı var. Biz mülki şəxslərin və səhiyyə xidmətlərinin təcili müdafiəsini və evakuasiya əmrlərinin geri götürülməsini tələb edirik”.

Səid Əhmədli
Gununsesi.info