
İspaniya Ali Məhkəməsi 2022-ci ildə Ukrayna və ABŞ səfirliklərinə bomba bağlamaları göndərilməsi işi üzrə 74 yaşlı keçmiş dövlət qulluqçusu Pompeo Qonsales Paskuala 18 il iş kəsib.
Reuters və El Pais qəzetinin məlumatına görə, Paskual terrorizmə görə 10 il, bomba hazırlanmasına görə daha 8 il azadlqıdan məhrum edilib.
Paskual bundan başqa Ukrayna səfirliyində bağlamanı açarkən yaralanmış Nikolay Veliçkoya 1500 avro təzminat ödəməlidir.
Prokuror müttəhimin 22 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Reuters məhkəmə qərarına əsasən yazır ki, Paskual öz hərəkəti ilə “İspaniya cəmiyyətində həyəcan yaratmaq” istəyib. O belə hesab edib ki, İspaniya və ABŞ hökumətləri cəmiyyətin təzyiqi altında Ukraynaya Rusiya ilə müharibədə dəstək verilməsini azaldar.
2022-ci ilin noyabr və dekabrında İspaniyada içərisində partlayıcı olan 6 bağlama göndərilmişdi.
Bu bağlamaları İspaniya baş nazirinin iqamətgahında, Ukrayna və ABŞ səfirliklərində, habelə İspaniya Müdafiə Nazirliyində almışdılar.
Bağlamalarla əlaqədar yeganə xəsarət alan şəxs Ukrayna səfirliyinin əməkdaşı olub.
2023-cü ilin yanvarında bağlamaların göndərilməsində şübhəli bilinən Pompeo Qonsales Paskual həbs edilib.
İspaniya prokurorluğu qeyd edirdi ki, həmin şəxsin telefonunda Telegram, RT Noticias və Sputnikin tətbiqləri aşkar edilib.
O habelə internetdə “rus dilini 10 günə necə öyrənməli”, “İspaniyada tanklar harada istehsal olunur” və “Ukrayna müharibəsinin son videoları” kimi axtarışlar aparıb.
Günay
Gununsesi.info