Türkiyədə həbs olunan Fazil Qasımovun qardaşı açıqlama yaydı: “Həmişə dövlətimizin yanında olub”

İki gün əvvəl Türkiyədə saxlanılaraq ölkəyə gətirilən və barəsində həbs qətimkan tədbiri seçilən Fazil Qasımovun qardaşı baş verənlərlə bağlı açıqlama yayıb.
Gununsesi.info xəbər verir ki, Nazim Qasımov  açıqlamasında qardaşının həbsinin səbəbləri barədə məlumata malik olmadığını bildirib. O, uzun müddətdir qardaş Türkiyədə yaşayan və hazırda İstanbul Universitetinin doktorantı olan Fazil Qasımovun dövlətə və dövlətçiliyə bağlı vətəndaş olaraq Prezident İlham Əliyevin siyasətini dəstəkliyini də xüsusi vurğulayıb.

 

Nazim Qasımovun qardaşının həbsi barədə yaydığı açıqlamanı olduğu kimi təqdim edirik:
“Hörmətli media nümayəndələri, əziz dostlar!

Avqustun 8-də qardaşım Fazil Qasımov haqqında Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs qəti-imkan tədbiri seçilib. Bizim, Fazilin ailəsinin onun həbsinə nəyin səbəb olması barədə ətraflı məlumatımız yoxdur. Bizim əmin olduğumuz odur ki, bütün ailəmiz, eləcə də, Fazil həmişə dövlətimizin yanında olmuş, möhtərəm cənab Prezidentimiz İlham Əliyevi dəstəkləmiş və hər zaman öz həyatımızda və fəaliyyətimizdə Azərbaycan Respublikasının qanun və normaları çərçivəsində olmağa çalışmışıq. Heç bir mətbuat nümayəndəsi gözləməsin ki, biz hansısa açıqlamamızda dövlətimizə və onun rəhbərliyə qarşı hansısa neqativ fikir bildirəcəyik.

Biz erməni işğalçıları tərəfindən öz dədə-baba torpağımız Kəlbəcərdən didərgin düşdükdən sonra Mingəçevir şəhərində yataqxana binasında məskunlaşmış və məcburi köçkün həyatının ilk illərindən etibarən Ulu Öndərimiz Heydər Əliyevin və daha sonra onun layiqli davamçısı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin diqqətini və qayğısını hiss etmişik.
Fazil 2007-ci ildə universitetə 694 balla daxil olduqdan sonra yenə Prezidentimiz tərəfindən verilən təqaüdə layiq görülmüşdür. Onun sosial şəbəkələrdəki paylaşımlarından da göründüyü kimi, həmişə dövlətimizin siyasətinə dəstək mesajları vermiş, Ermənistan tərəfindən ölkəmizə qarşı aparılan işğalçılıq siyasətinə qarşı ardıcıl çıxışlar etmiş və 2020-ci ildə Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanımız və qalib ordumuz tərəfindən torpaqlarımızın azad olmasına sevinmişdi.
Buna görədir ki, biz Fazilin hansısa qanun pozuntusu etmiş olduğuna inanmırıq. Bununla belə, biz bu barədə heç bir başqa instansiyalara müraciət etməyəcəyik. Bizim yeganə ümid yerimiz həmişə olduğu kimi, yenə də dövlətimiz, onun möhtərəm Prezidenti və Azərbaycan Respublikasının hüquq-mühafizə sistemidir. Heç bir şübhəmiz yoxdur ki, ölkəmizin hüquq-mühafizə orqanları Fazil Qasımovun işi ilə əlaqədar ədalətli qərar çıxaracaq.
Nazim Qasımov. Bakı şəhəri. 10 Avqust 2023-cü il”.