Tokayev Kərim Məsimovu əfv etmədi

Qazax lideri Kasım-Jomart Tokayev dövlətə xəyanətdə təqsirli bilinən Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimovu əfv etməkdən imtina edib.

Gununsesi.info KazTAG-ya istinadən xəbər verir ki, məhkəmə onu 18 il müddətinə azadlıqdan məhrum edib.

2023-cü ilin aprelində məhkəmə Məsimovu vəzifə səlahiyyətlərindən sui-istifadədə, dövlətə xəyanətdə və hakimiyyəti zorakılıqla ələ keçirməkdə təqsirli bilib.

İstintaqın məlumatına görə, Milli Təhlükəsizlik Komitəsinin rəhbəri 2022-ci ilin yanvarında respublikada baş vermiş etiraz aksiyalarından dövlət çevrilişi etmək üçün istifadə edib.

Daha əvvəl bildirilib ki, 2022-ci ilin yanvarında dövlətə xəyanət və hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə saxlanılan Məsimov prezident Tokayevə əfv üçün ərizə təqdim edib.

Məsimov ötən ilin aprelində 18 il həbs cəzası alıb. Bundan başqa, onun barəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın yuyulması və xüsusilə külli miqdarda rüşvət alma maddələri ilə də ibtidai istintaq aparılır.

Bundan əvvəl bildirilirmişdir ki, Qazaxıstanın Ali Məhkəməsi ölkənin Milli İqtisadiyyat Nazirliyinin keçmiş rəhbəri Kuandıq Bişimbayevi 24 il müddətinə azadlıqdan məhrum edib.

 

 

Şəbnəm

Gununsesi.info