
İngiltərə Baş naziri Rişi Sunak gələcək nəsilləri siqaretin zərərlərindən qorumaq üçün qanunlar çıxaracaqlarını və hər il siqaret alma yaşını artırmağı planlaşdırdıqlarını bildirib.
Gununsesi.info xəbər verir ki, Sunak lideri olduğu Mühafizəkarlar Partiyasının illik konfransının bağlanışında ölkə gündəmində olan bir çox məsələ ilə bağlı açıqlamalar verib.
Baş nazir Sunak çıxışında gənclərə siqaret satışının qadağan edilməsi ilə bağlı qanunun İngiltərə parlamentində səsverməyə çıxarılacağını qeyd edərək, siqaret alma yaşının hər il bir il artırılacağını, beləliklə bir nəslin siqaretsiz böyüyə biləcəyinin vurğulayıb.
“Bu qanun o deməkdir ki, siqaret heç vaxt qanuni olaraq bu gün 14 yaşlı bir gəncə satılmayacaq və onlar və onların nəsilləri siqaretsiz böyüyə bilər”, – deyə o bildirib.
Bu mövzuda İngiltərə parlamentində keçiriləcək səsvermənin “sərbəst səsvermə” olacağının vurğulayan Sunak, hazırda siqaret çəkənin siqaret çəkmə haqqının əlindən alınmasının ədalətli olacağına inanmadığını sözlərinə əlavə edib.
Səid Əhmədli
Gununsesi.info