Serbiya polisi Belqradda müxalifətin etiraz aksiyalarının 38 iştirakçısını saxlayıb

Serbiya polisi Belqradda müxalifətin etirazları qarşıdurma ilə başa çatdıqdan sonra 38 nümayişçini saxlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə polis idarəsinin rəisi İvitsa İvkoviç “N1” telekanalına məlumat verib.

Onun sözlərinə görə, saxlanılanların əksəriyyəti konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə çağırışlarda və ictimai toplantılarda zorakı davranışda şübhəli bilinir.

İvkoviç iki polis əməkdaşının ciddi xəsarət aldığını, onlardan birinin bu gün əməliyyat olunacağını da bildirib.

Xatırladaq ki, ötən gecə Belqradda ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə qarşı etiraz aksiyası keçirilib və onun iştirakçıları meriyanın binasına soxulmağa cəhd ediblər.

Belqrad meriyasının qarşısına minlərlə insan müxalifətin Serbiya Zorakılığa Qarşı koalisiyasının dəvəti ilə toplaşıb. Serbiyada müxalifətin fikrincə, çoxsaylı pozuntularla keçirilən parlament seçkilərinin nəticələrinə qarşı sayca yeddinci etiraz aksiyasıdır.

Müxalifət nümayəndələri meriyanın eyvanından çıxış etmək istəsələr də, polis onlara gözyaşardıcı qazdan istifadə edərək buna imkan verməyib.

Qeyd edək ki, Serbiyada növbədənkənar seçkilərin nəticələrinə görə prezident Aleksandr Vuçiç rəhbərlik etdiyi siyasi qüvvə qalib gəlib.

Müxalif Serbiya Zorakılığa Qarşı Alyans (SPN) Belqrad Şəhər Şurasına seçkilərdə seçki qanunvericiliyinin ciddi şəkildə pozulduğunu açıqlayıb. O vaxtdan bəri yüzlərlə SPN tərəfdarı Belqradda Dövlət Seçki Komissiyasının qarşısında aksiya keçirib.

Gununsesi.info