ÜST? “13 milyon insan kəskin ərzaq təhlükəsizliyi böhranı ilə üzləşir”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Əfqanıstanda 13 milyon insanın ciddi qida çatışmazlığı ilə üzləşdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, Qebreyesus X sosial media platformasında Əfqanıstan xalqının üzləşdiyi ərzaq təhlükəsizliyi böhranı haqqında məlumat paylaşıb.

“Əfqanıstanda əhalinin 30 faizini təşkil edən 13 milyon insan kəskin ərzaq təhlükəsizliyi böhranı ilə üzləşir”, – deyə o bildirib. O əlavə edib ki, ölkədə 1 milyona yaxın uşaq ağır qidalanmadan, 2,3 milyon uşaq isə orta dərəcədə kəskin qidalanmadan əziyyət çəkir.

Baş direktor Əfqanıstanda yaşayan insanların immun sisteminin zəifləməsi və sərt qış şəraiti səbəbindən yoluxucu xəstəliklərdən ölmə riskinin daha da yüksək olduğunu deyib.

Qebreyesus qeyd edib ki, “Humanitar yardımın məhdud tədarükü səbəbindən bu rəqəmlər yaxın həftələrdə və aylarda daha da arta bilər”.

Onun sözlərinə görə, daha çox əfqan uşaq və qadınının qida çatışmazlığından və qida təhlükəsizliyinin nəticələrindən ölməsinin qarşısını almaq üçün xəstəxanalara dəstək verməyə davam etmək üçün ÜST 185 milyon dollara ehtiyac duyur.

Gununsesi.info