Şamaxıda turistləri aparan avtobus qəzaya uğradı: Xəsarət alanlar var - FOTOLAR /YENİLƏNDİ

“Yerli turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində bir qadın və bir azyaşlı yüngül xəsarət alıblar”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildiriblər.

Qeyd edilib ki, bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub. Avtobusun aşması barədə yazılanlar isə həqiqəti əks etdirmir.

13:05

Şamaxı rayonunda turistləri daşıyan sərnişin avtobusu qəzaya uğrayıb.

Gununsesi.info xəbər verir ki, təşkil olunmuş tur çərçivəsində Bakı-Şəki-Qəbələ-Oğuz marşrutu üzrə hərəkət edən 77-CV-760 dövlət nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusu bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı yolunun 6-cı kilometrliyində, Muğanlı dolayları adlanan ərazidə yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım stansiyasının briqadaları cəlb olunublar. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.