Bakıda bulaq suyu adına əhaliyə nə satılır? - AQTA “Aqua Luxe” a tədbir görəcəkmi?

“Şikayətim “Aqua Luxe” şirkətindəndir. Aylardır bu şirkətdən qablaşdırlmış su sifarişi veririk, son 2 dəfədir suyun dadında dəyişiklik var. Bugün yeni qabı açmışam və nəticə göz qabağında. Evə gələn hamam suyu belə bundan daha təmizdir”.

Gununsesi.info xəbər verir ki, bunu sosial şəbkədə Günel Vaqifli adlı istifadəçi yazıb. Onun şikayəti son aylar Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əhaliyə su satan şirkətlərə qarşı keçirdiyi reydlərlə bağlı yaydığı açıqlamalarla üst-üstə düşür.

Agentlik satışa çıxarılan qablaşdırılmış sularla bağlı əhaliyə ciddi xəbərdarlıq edib. Qurumdan verilən məlumatda bildirilir ki, həyata keçirilən yoxlama nəzarət tədbirləri zamanı son vaxtlar bir sıra hallarda mərkəzləşdirilmiş su xəttindən verilən suyun müxtəlif filtrlərdən keçirilməklə qablaşdırılması və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini kobud şəkildə pozaraq üzərində müxtəlif təbiət mənzərələri, bulaq, çeşmə, dağ təsvirləri göstərməklə “təbii”, “mineral”, “müalicəvi” sözləri yazılmaqla satışa çıxarılması faktları aşkarlanıb.

Şikayətçi G.Vaqifli bildirib ki, üzləşdiyi problemlə bağlı şirkətə məlumat verib.

“Amma belə görünür ki, normal şirkət deyilmiş. Ya bəxtimə normal sular çıxıb, ya da əvvəl təmiz işləyib sonradan işləri korlayıblar. Mən şirkəti hara şikayət edə bilərəm? Ən azından insanlar pul verib alır bari zəhərlənməsinlər”, – o qeyd edib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu barədə yerli mediaaya açıqlamasında bildirib ki, içməli su istehsalı ilə məşğul olan sexlər Bakıda “krantdan” gələn xlorlu suyu qablaşdıraraq dağ suyu, mineral su adı altında satışa çıxardırlar. Onun sözlərinə görə, qablaşdırılmış suların bir litrini 0,90-1 manata satışa çıxardırlar. Bu istehlakçını aldatmaqdır. Hər bir brend suyun saxta variantları da var. Çünki, istehlakçı onun saxta olduğunu müəyyən edə bilmir:

“Qablaşdırılmış sular istehsal olunan zaman onun tərkibinə adi xlorlu su qatılır, yaxud da mərkəzləşmiş sudan istifadə etməklə satışa çıxardılır. AQTA məsələ sosial şəbəkələrdə ictimailəşdikdən sonra yoxlama aparsa da, indiyədək su sexləri bu qanunsuzluqlara yol veriblər. Çox yaxşı olardı ki, AQTA bütün su istehsalı ilə məşğul olan sexlərdə ekspertiza aparsın. Suyun tərkibinin etiketlərindəki məlumatların düz gəlib-gəlmədiyini araşdırsın”.

E.Hüseynov bildirib ki, AQTA-nın yoxlaması zamanı suyun mənbəyi, sanitar vəziyyət və tərkibinin etiketlə uyğunluğu araşdırılıb. Bu isə çox vacib məsələdir.

“Bu yoxlama zamanı üzə çıxır ki, dağ suyu, mineral su adı altında satılan suların tərkibi nədir? Çox yaxşı haldır ki, AQTA yanvar ayından etiket məlumatlarını təqib etməyi öz üzərinə götürüb. Çünki, illərdir etiketlə istehlakçıların aldadılması halları baş verir. Buna son qoyulmalıdır. Əksər hallarda malların tərkibi ilə etiket məlumatları düz gəlmir”.

Eyyub Hüseynov həmçinin bildirdi ki, su sifariş edərkən marka araşdırması aparmaq və etibarlı şirkətləri seçmək lazımdır. Qablaşdırılmanın üzərində markanın loqosu, suyun haradan gətirildiyi, istehsal və son istifadə tarixinə diqqət yetirmək son dərəcə vacibdir. Çünki, bu gün dağ və bulaq suyu adı altında kifayət qədər istehlakçı aldadılır.

 

Elmar

Gununsesi.info