
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun sessiyasında Laçında qurulan sərhəd-keçid məntəqəsi haqqında danışıb.
Onun sözlərinə görə, Avropa Şurası çox vacib məsələlərdə susur və ya bitərəf qalır: “Bu baxımdan ikili standartlarla üzləşən Azərbaycanı misal çəkə bilərəm. Ermənistan 30 il ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlayıb. Təəssüf ki, AŞPA Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün kifayət qədər səy göstərmədi.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirib ərazilərini işğaldan azad edəndə AŞPA çaşdırıcı bəyanat və hesabatlarla sülh danışıqları prosesinə xələl gətirməyə çalışdı.
Azərbaycanlı deputatlar müxtəlif vaxtlarda Assambleya tribunasından Ermənistanın Laçın yolundan qanunsuz hərbi məqsədlər, təbii sərvətlərin qanunsuz dövriyyəsi üçün istifadə etdiyini və eyni zamanda Laçın yoluna 2021-ci il istehsalı olan minaları yerləşdirdiyini bəyan edəndə AŞPA Ermənistanı qınamadı.
Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Laçında beynəlxalq səviyyədə tanınmış ərazisində sərhəd-nəzarət məntəqəsi yaradanda Parlament Assambleyasının bəzi deputatları yenidən beynəlxalq hüququn əsas prinsiplərinə zidd mövqe tuturlar. Beynəlxalq nizama gəldikdə bəzi dəyişməz və mübahisəsiz əsas qaydalar var. AŞPA bilməlidir ki, bu qaydaya görə Laçında sərhəd nəzarətinin yaradılması Azərbaycanın daxili işidir. Qarabağ Azərbaycanın daxili işidir. Üçüncü tərəf sülh danışıqları prosesinə töhfə vermək istəyərsə onu alqışlaya bilərik. Ancaq öz geostrateji məqsədləri üçün ölkəmizə ziyan vurmağa çalışsalar belə, təxribatlara yol verməyəcəyik”,
Pərviz Həşimli
Gununsesi.info