
“Laçında quraşdırılan nəzarət-buraxılış-məntəqəsindən (NMB) keçəcək şəxslər üçün müvəqqəti bir rejim tətbiq ediləcək. O rejim əsasında da milliyətcə erməni olan və orada yaşayan adamlar ölkəyə girib-çıxa biləcəklər. Əgər bu adamların silahı yoxdursa və özü ilə təhlükəli maddə daşımırsa, onlar sərbəst gedib-gələ bilərlər”.
Gununsesi.info xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, Laçın-Xankəndi yolunda quraşdırılan NMB-in işləmə mexanizmindən, habelə Qarabağ ermənilərinin gedib-gəlməsi üçün tətbiq oluna biləcək sistemdən söz açıb.
Q.Hüseynliyə görə, bizə lazımdır ki, ərazilərimizə daxil olan insanlar silahlı olmasın, silah daşınmasın, torpaqlarımızda təhlükəsizliyə poza biləcək məsələlər meydana çıxmasın:
“Ona görə də müvəqqəti olaraq Qarabağın erməni əhalisinin Laçında yerləşən NMB-dən keçməsi üçün heç bir maneə olmayacaq və bununla bağlı müvafiq rejim tətbiq ediləcək. Əlavə aparaturalar vasitəsilə yoxlanılmalar da aparılacaq.
Bu gün ermənilər hay-küy salırlar ki, guya Azərbaycan bunları blokadaya salıb qırmaq istəyir. Əksinə, indiyə qədər ictimai fəallarımız o yolda dayanırdısa, bundan sonra onlar o yoldan çəkiləcəklər. Beləliklə də gediş-gəliş sərbəst təşkil olunacaq”.
Onun fikrincə, Ermənistandan gələn şəxslər də Qarabağda doğulduğunu təsdiq edən sənədlərə malik olacaqlarsa, onlar da əraziyə buraxılacaq:
“Onlar sənədləri ilə sübuta yetirməlidir ki, son 10 ildə Qarabağın ermənilər yaşayan ərazisində yaşayıb. Ermənistan vətəndaşlarının Azərbaycan torpaqlarına girişi isə viza rejimi əsasında olacaq. Hələ Azərbaycanla Ermənistan arasında viza rejimi yaranmayıb və sülh müqaviləsi imzalanmayıb. Ona görə də viza rejimini tez bir müddətdə tətbiq edə bilməyəcək”.
“Zənnimcə, NMB-in yaradılması heç bir əngəl olmayacaq. Oradan iaşə, təsərrüfat, kənd təsərrüfatı malları sərbəst surətdə Qarabağa gətirilə biləcək. Həmçinin, Xankəndidən İrəvana xəstələrin getməsi də sərbəst olacaq ki, bu da sadə yoxlamalar vasitəsilə həyata keçiriləcək”, – yekunlaşdırıb.