Rusiyanın desant gəmisi vuruldu

Rusiya Müdafiə Nazirliyinin avqustun 4-də bildirdiyinə görə, ötən gecə Qara dənizdəki Novorossiysk donanma bazasına iki dəniz dronuyla zərbə endirilib.

“Heyətsiz katerləri bazanı qoruyan Rusiya gəmiləri aşkarlayaraq atəşlə məhv edib”, – nazirlik bəyanatında bildirib.

Bundan öncə Telegram kanalları ərazidə partlayışlar və atəşlə bağlı xəbər yayıblar.

Lakin “Ukrainskaya Pravda” qəzeti Ukrayna Təhlükəsizlik Xidməti – SBU-dakı mənbələrə istinadla yazır ki, suüstü dronlardan biri limanda lövbərlənmiş böyük desant gəmisini ciddi zədələyib.

Gununsesi.info xəbər verir ki, qəzet habelə “Olenoqorski qornyak” gəmisinə hücum edən dronun çəkdiyi videonu dərc edib.

Videoda 450 kiloqramlıq partladıcı daşıyan dəniz dronunun gəmiyə səmtləndiyi və yaxınlaşdığı görünür.

Ukrayna hərbiyyəsindəki mənbələrdən biri AzadlıqRadiosuna deyib ki, “xüsusi əməliyyat hərbi dəniz donanması ilə birgə həyata keçirilib”:

“Nəticədə “Oleneqorski qornyak” gəmisinin gövdəsində böyük dəlik açılıb və gəmi hazırda heç bir döyüş funksiyasını icra edə bilmir. Odur ki, rusiyalıların hücumun dəf edildiyinə dair bəyanatları saxtadır”.

 

Gununsesi.info

Bu iddiaları müstəqil qaydada təsdiqləmək mümkün deyil.