“Ömrümdə ilk dəfədir ki, bəşəriyyət üçün dua edirəm” –Tanınmış azərbaycanlı aktyor

“Ömrümdə ilk dəfədir ki, bəşəriyyət üçün dua edirəm” –

Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Karantin rejiminin elan olunması bir çox peşə sahibləri kimi sənət adamlarını da evə “həbs edib”. Evdə qalan məşhurlar karantin müddətində xalqa müraciət edir, koronavirusla mübarizədə vətəndaşları həmrəy olmağa səsləyir. Bu mövzuda Yenisabah.az-ın suallarını tanınmış aktyor Elməddin Cəfərov cavablandırıb:

– Karantin rejimini necə keçirirsiniz? Daim hərəkətdə olan, yazıb-yaradan Elməddin Cəfərov dörd divar arasında darıxmır ki?

– Düzü, karantinin ilk həftələri normal keçirdi. Kitab oxuyurdum, sənədli filmlərə baxırdım, tarixi filmlər izləyirdim. Amma indi çox sıxılıram. Bu da bir etapdır. İnşallah, bu etapı da keçərik. Passivləşmişəm, əvvəlki aktiv, işgüzar Elməddin yoxdur. İş-güc, fəaliyyət birdən-birə insanın həyatında dayananda hər şey dəyişməyə başlayır.

– Bəs karantin müddətində davam edən canlı proqramlara gedirsiniz?

– Canlı efirlərə dəvət alıram. Üç-dörd teelkanaldan dəvət almışam, bir-ikisində iştirak da etmişəm. Neyləyə bilərik, evdə oturmalıyıq ki, xəstələnməyək. Həm özümüz xəstələnməyək, həm də kimisə xəstə etməyək. Bu bəla dəhşətlidir, mən ilk dəfədir belə bir şey görürəm. Bəla bütün bəşəriyyətin başına gəlib. Və mən həyatımda ilk dəfədir ki, bəşəriyyət üçün dua edirəm. Həmişə xalqımız, millətimiz üçün dua edərdim, indi bütün planet üçün dua edirəm. Çünki dünyanın hər yerində ölən insandır, virus baxmır ki, kim günahkardır, kim günahsızdır, kimi tutdusa, aparır. Yenə də səbr etməliyik, evdən çıxamamalıyıq.

– Karantin günlərində dost-tanış, qohumlarla əlaqənizi kəsmisiniz, yoxsa get-gəl var?

– Yox, get-gəlimiz yoxdur. Atam, anam, qardaşlarım hamısı kənddədirlər. Bir yerə yığışa bilmirik, bax belə deyib kövrəldirsiniz məni yenə… Amma telefonla, skaypla danışırıq. Darıxmaq da öz yerində, çox darıxıram. Əsas da valideynlərim üçün darıxırıram. Ata-anamla ayda bir dəfə də olsa üç-dörd günlük görüşürdük. Gəlib bir həftə bizlə qalırdılar, amma indi o da yoxdur.

– Karantin dövrü ailə münasibətlərinə də yenilik gətirdi. Bəs sizdə vəziyyət necədir, ev işlərində yükün bir hissəsini öz üzərinizə götürürsünüz?

– Bəli, kömək edirəm, yəni, əl-ayağa dolaşmıram. Evdə heç nəyə əl vurmuram. Yoldaşım mənə deyir ki, mənə ən böyük köməyin odur ki, heç nə etmirsən. Konkret nə yeməyə, nə evə, ümumiyyətlə evdə heç nəyə qarışmıram. Çalışıram ona azadlıq verim.

– Sənətdən uzaq düşən aktyor səhnə üçün darıxmır ki?

– Vallah, heç inanmazdım ki, səhnə üçün bu qədər darıxaram. Sözün həqiqi mənasında çox, çox darıxmışam. İnşallah bu da keçər. Allah elə etsin ki, ayın 20-nə qədər bu bəla bitsin. O qədər dua edirəm ki. Bəlkə də hazırda çox optimist insanla danışmırsınız. Çünki bütün günü dua edirəm, çox arzulayıram ki, bu bəla tez qurtarsın.

Gununsesi.org

COMMENTS