Çingiz Abdullayev: “Başa düşürəm ki, evdə arvadla oturmaq kişilərə çətindir…”

Çingiz Abdullayev: “Başa düşürəm ki, evdə arvadla oturmaq kişilərə çətindir…”

Anar və Fikrət Qocadan sonra növbəti müsahibimiz xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevdir. Məşhur yazıçı karantin rejimini necə keçirir, oxucularına, xalqa nəyi məsləhət görür? Söhbətimiz bu barədədir.

-Çingiz müəllim, dünyanı iflic etmiş koronavirusla bağlı nə deyə bilərsiz?

-Düşünürəm ki, bu, böyük faciədir. Xalqımız bunu gözləmirdi. Amma görürsünüz ki, dünyada nə qədər qurbanlar var… Yenə deyirəm ki, heç kəs bunu gözləmirdi. Allah eləsin ki, tez bitsin bu bəla…

-Belə məqamlarda dövlətin və toplumun önündə gedən şəxsiyyətlərin dəstəyi, məsləhətləri insanlar üçün vacibdir. Həmvətənlərinizə hansı məsləhətləri verə bilərsiniz?

-İnsanlara onu məsləhət verə bilərəm ki, çalışaq, bizdə qurbanlar az olsun. Bizdə cəmi yeddi nəfər dünyasını dəyişib. (Söhbət aprelin 8-də aparılıb – müəllif) Başa düşürəm ki, onların əzizləri, qohumları üçün bu, ağır itkidir. On milyonluq xalqa nisbətdə yeddi də böyük rəqəmdir. Amma hələlik yeddidir. Biz fikirləşməliyik, nə edək ki, qurbanlar az olsun. Ona görə də, mən düşünürəm ki, karantinə əməl etmək lazımdır. Küçələrə çıxmayaq, xüsusi qaydalar var ki, onlara əməl edək. Xəstələrin sayı nə qədər az olsa, bir o qədər yaxşı olar.

-Karantin rejimində vaxtınızı necə keçirirsiniz, yeni əsərlər üzərində işləyirsinizmi?

-Hər zaman olduğu kimi, mən işləyirəm, həm də işə getməliydim. Yazıçılar Birliyinin katibiyəm. Camaat mart ayının maaşını almalı idi. Ona görə, işə çıxmışdım. Amma ümumiyyətlə, hər zaman deyirdim ki, xüsusilə jurnalistlər məni sakit buraxsalar, oturub öz kitabımı yazardım. Boş vaxtlarımda onsuz da evdə oturub, yazılarımla məşğul oluram. Evdə qalmaq yazıçı üçün çətin deyil. Başa düşürəm ki, bəzi insanlar üçün çətindir, xüsusilə arvadla bir evdə qalmaq kişilər üçün çətin olur… (Gülür – Ü.Ş.) Amma buna baxmayaraq, mənim üçün çətin deyil, çünki öz kabinetimdə oturub, kitablarımı, ssenarilərimi yazıram. İmkan versəydilər, bir əllli ildə oturub yazardım, amma bilirəm ki, imkan verməyəcəklər…

-Öz kitablarınız da daxil olmaqla, oxumaq üçün tövsiyə edəcəyiniz və özünüzün də oxumaq istədiyiniz kitablar hansılardır?

-Mən hansı kitabları bitirmişəmsə, o kitabları çoxdan oxumuşam, amma təzə kitablar çox çıxıb, hələ köhnələrdən oxumadığım nə qədər kitablar var. Nə qədər çox oxumuşamsa, o qədər çox başa düşmüşəm ki, gör, nə qədər az oxumuşam. Əgər Allah mənə min il də ömür versəydi, oturub kitab oxuyardım. Amma təəssüf ki, istədiyim kitabları oxumağa vaxt çatdırmıram, baxmayaraq ki, sürətli oxuyuram. Ona görə də, insanlara hər zaman deyirəm ki, fərqi yoxdur, demirəm ki, mütləq mənim kitablarımı oxuyasınız, mən şorqoğalı və ya şəkərbura deyiləm ki, hamının xoşuna gəlim. Amma kitab oxuyun, mütləq və mütləq kitab oxuyun!!! Onun qiymətini bilməyən ailələr, insanlar, valideynlər başa düşməlidir ki, uşaq kitabı sevməlidir. Bu mühit evdə olmalıdır, uşaq görməlidir ki, ata-ananın kitaba meyli var, o zaman uşaqlara da maraqlı olacaq, əvvəl baxacaqlar, sonra oxumağa başlayacaqlar. Ümumiyyətlə, dünyada elə insan yoxdur ki, nağıl, əfsanə, detektiv, melodram, macəra tipli milyardlarla kitabın içindən bir kitab tapıb uşağına verə bilməyə və o da onun xoşuna gəlməyə. Bu baxımdan inanıram ki, valideynlərdən çox şey asılıdır və biz uşaqlarımızı kitab oxumağa öyrətməliyik.

Gununsesi.org

COMMENTS