MDB Dövlət Başçıları Şurasının iclasında Ermənistana SƏRT SÖZLƏR

Ermənistan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrə münasibətdə həmişə özünü tərəfdaş kimi aparmır.

Gununsesi.info BelTA-ya istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko MDB Dövlət Başçıları Şurasının dar tərkibdə keçirilən iclasında deyib.

“Birinci olaraq Gürcüstan bizim assosiasiyadan çıxdı, de-fakto Ukrayna bizimlə deyil. Moldova ilə bağlı böyük suallar var. Təəssüf ki, Ermənistan həmişə özünü tərəfdaş kimi aparmır”, – deyə Lukaşenko bildirib.

Belarus prezidentinin sözlərinə görə, belə bir vəziyyəti kənardan sakit müşahidə etmək olmaz, çünki əks halda, MDB ölkələri “sadəcə parçalanacaq”.

MDB Dövlət Başçıları Şurasının Bişkekdə keçirilən iclasında Lukaşenkodan başqa, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Rusiya prezidenti Vladimir Putin, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev iştirak edirlər.

Qeyd edək ki, Ermənistan hökumətinin mətbuat xidməti bundan əvvəl baş nazir Nikol Paşinyanın Bişkekə uçmayacağı barədə məlumat vermişdi.

Səid Əhmədli
Gununsesi.info