
Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka Rusiyada Vaqner özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin ehtimal edilən ölümündən sonra ilk dəfə bu barədə danışıb.
O deyib ki, Priqojinə Belarus ərazisindən xaricdə heç bir təhlükəsizlik qarantiyası verməyib, əksinə 2023-cü ilin iyun qiyamından sonra ona həyatının təhlükədə olacağına dair xəbərdarlıq edib.
Lukaşenka bunu da bildirib ki, o Priqojinin təyyarəsinin qəzasında Rusiya prezidenti Vladimir Putinin əli olmasına inanmır:
“Mən Putini tanıyıram. O çox hesabını bilən, təmkinli və başqa, daha az mürəkkəb məsələlər barəsində qərar qəbul edərkən hətta ləng adamdır. Mən təsəvvür eləmirəm ki, bunu Putin edib, Putin təqsirkardır. Bu çox kobud, qeyri-peşəkar iş olub”.
Belarusdakı vaqnerçilərin gələcək taleyi barədə suala cavab verən Lukaşenka deyib ki, Vaqnerin “nüvəsi” – 10 minədək adam ölkədə qalmaqda davam edəcək:
“Bizə və bu bölüyə nə qədər lazımdırsa, bizdə yaşayıb işləyəcəklər”.