İnam Kərimovun müsbət və mənfi keyfiyyətləri - FUAD AĞAYEV YAZIR

1998-ci ildə Strasburqda yenilənmiş Avropa İnsan Hüquqları Məhkəməsinin inauqurasiyası keçirilirdi. Mən həmin tədbirə Turan İnformasiya Agentliyi tərəfindən ezam olunmuşdum. O zaman dostlarımdan birinin yaxın qohumu Strasburq Universitetinin hüquq fakultəsində təhsil alırdı. Hüquqçu tələbə ilə həmin şəhərdə görüşdük, o, çox müsbət təəssürat bağışladı, sadə (Strasburqda çoxları kimi velosipeddən istifadə edirdi), təmkinli, səmimi, ağıllı bir gənc.

Sonradan həmin gəncin fəaliyyətindən xəbərim olmadı. Dostum isə 4 – 5 il əvvəl həyatdan köçdü. Bir neçə gün əvvəl Ali Məhkəmənin sədrliyinə namizəd kimi kənd təsərrüfatı naziri İnam Kərimovun adı çəkiləndə təəccübləndim və namizədin kimliyi ilə maraqlandım. Wikipediadakı şəklə baxdıqda, 1998-ci ildə Strasburqda gördüyüm hüquqşünas tələbəyə oxşatdım.

HTML tutorial

Əvvəla, onu vurğulayım ki, İnam Kərimovun nazir kimi fəaliyyəti barədə bir şey deyə bilmərəm, kənd təsərrüfatı mənim bildiyim sahə deyil.

Namizədin, daha doğrusu Ali Məhkəmə sədrinin bu vəzifə üçün müsbət keyfiyyətləri haqqında:
Müstəqil Azərbaycanın ali hüquq təhsili diplomu daşıyıcılarının çoxundan fərqli olaraq onun real hüquq təhsili var: statusuna görə, Ali Məhkəmənin digər hakimləri onunla çətin müqayisə oluna bilərlər – Strasburq universitetində bakalavr, Parisdə Sorbonna universitetində isə magistr dərəcəsi alıb. 2013-cü ildə yenə də Sorbonna universitetində hüquq üzrə doktor adını alıb. Şübhəsiz, Avropa İnsan Hüquqları Məhkəməsinin təşəkkül tapmış presedent hüququndan məlumatlıdır.

Ali Məhkəmə sədrinin bu vəzifə üçün mənfi keyfiyyətləri haqqında:
Magistr dərəcəsini 20 il əvvəl alan İ.Kərimov heç zaman məhkəmə sistemində, prokurorluq-istintaq və ədliyyə orqanlarında çalışmayıb və Azərbaycan Respublikası qanunvericiliyinin məhkəmələrdə tətbiqi təcrübəsi barədə danışmaq çətindir. Bu, bir tərəfdən, müsbət hal da sayıla bilər – belə ki, İ.Kərimovun topa-topa qanunsuz hökmlər, qərarlar qəbul edən hakimlər korpusunda olanların mütləq əksəriyyətindən fərqlidir.

Proqnoz
Əgər İ.Kərimov Ali Məhkəmə sədrinin yaxın köməkçilərini savadlı, tamahsız, vicdanlı adamlardan təşkil etməsə, Ali Məhkəmənin fəaliyyətində köklü islahatlara başlamasa, Azərbaycan qanunvericiliyinin məhkəmələrdə tətbiqi təcrübəsini (o cümlədən qüsurlarını) öyrənməsə, qısa müddətdə Azərbaycan məhkəmə sistemində fəaliyyəti R.Rzayev səviyyəsinə yaxın bir səviyyəyə enəcək; belə ki, hazırda həmin sistemin söz yiyələri (söhbət o şəxslərdən gedir ki, onlar ədalətli məhkəmə araşdırması hüququnu indiki vəziyyətə salıblar) üçün Oksford, Kembric, Sorbonna, Harvard və s. dünya miqyaslı universitetlərin hüquq fakultələrinin məzunları maneə deyil.

Fuad Ağayev
Vəkil