
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ötənilki fəaliyyətinə dair illik hesabatını açıqlayıb.
Gununsesi.info bildirir ki, hesabatda paytaxt rayonlarında narkotik istifadəsinə görə durumun ən kəskin olduğu rayon Yasamaldır. Burada əhalinin hər min nəfərinə 9 narkotik istifadəçisi qeydə alınıb. İkinci yerdəki Suraxanı rayonunda bu göstərici beş nəfərdir. Ötən il Yasamal rayonunda narkotik vasitələri ilə bağlı 509 fakt qeydə alınıb və 395 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bir il ərzində rayon ərazisində ələ keçirilən narkotik vasitələrin həcmi 279 kiloqramı aşıb.
Açıqlanan bilgilərdən o da aydın olur ki, son beş ildə ölkədə dövriyyədən çıxarılan narkotik vasitələr arasında ən çox yer tutan heroindir. 2018-2022-ci illər ərzində Azərbaycanda 11.5 ton heroin ələ keçirilib. Bu, dövriyyədən çıxarılan bütün narkotik vasitələrin 51.6 faizidir. Hüquq- mühafizə orqanları tərəfindən ən çox ələ keçirilən ikinci narkotik vasitə növü marixuanadır. Son beş ildə 5.8 ton marixuana ələ keçirilib. Bu, dövriyyədən çıxarılan narkotiklərin 26.3 faizi deməkdir. Bunlardan başqa, 2.1 ton tiryək (9.6 faiz), 306 kiloqram həşiş (1.3 faiz), 6 kiloqram kokain (0.02 faiz) və 2.4 ton psixotrop maddələr də dövriyyədən götürülüb.
Elmar
Gununsesi.info