İsrail ABŞ-dan kömək istəyir

Fələstinin HƏMAS hərəkatının hücumundan sonra İsrail hakimiyyəti ABŞ-dan “Dəmir Qübbə” raketdən müdafiə sistemi üçün kəsici raketlər istəyib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bununla bərabər İsrailə  kiçik bombalar, pulemyot sursatları və Livanın cənubundakı hərbi fəaliyyətlə bağlı ABŞ kəşfiyyatı lazımdır.

Bildirilir ki, İsrailin tələbi Dəmir Günbəz üçün kəsici raketlərin tükənməsi ilə bağlı deyil. Bu, HƏMAS-ın gələcək hücumlarına qarşı ehtiyat tədbiridir.

ABŞ prezidenti Co Bayden administrasiyası oktyabr 8-də İsrailə dəstəyin artırılmasını müzakirə edib və mövcud müqavilələr çərçivəsində silah tədarükü barədə razılığa gəliblər.

Yardım paketinə artilleriya mərmiləri, Dəmir Günbəz üçün raketlər və əlavə maliyyə daxil olacaq. Eyni zamanda, Bayden administrasiyası İsrail və Ukraynaya hərbi yardımı bir paketdə birləşdirə bilər.

Həmçinin, Pentaqon İsrailə dəstək əlaməti olaraq Gerald Ford təyyarədaşıyan gəmisini və onun zərbə qrupunu Şərqi Aralıq dənizinə göndərib. Bundan əlavə, Vaşinqton regionda Amerikanın F-35, F-15, F-16 qırıcıları və A-10 hücum təyyarələrinin eskadrilyalarını gücləndirib. ABŞ-ın müdafiə naziri Lloyd Ostin Vaşinqtonun “təcili olaraq İsrail ordusunu silah-sursat da daxil olmaqla əlavə avadanlıq və resurslarla təmin edəcəyinə” söz verib.

İsrailin Qəzza zolağında quru əməliyyatına başlamağa hazırlaşdığı üçün hərbi münaqişənin bir neçə həftə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, HƏMAS oktyabrın 7-də səhər saatlarında İsrailə hücum edib. Fələstin qoşunları İsrailin cənubunu işğal edərək yüzdən çox insanı girov götürüb.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info