
Həbsdə olan keçmiş Milli Təklüləsizlik Nazirliyinin (MTN) yüksək vəzifəli şəxsləri arasında məhkəmədə qalmaqal yaşanıb.
Gununsesi.info bildirir ki, olay Bakı Apellyasiya Məhkəməsində sabiq MTN generalı, uzun illər nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev ilə vaxtilə onun tabeliyində çalışmış polkovnik, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov arasında baş verib.
“Mövlam Şıxəliyev mənə nifrət edir, mən də ona. Həmişə münasibətlərimiz gərgin olub, rütbə, ev almağa qoymayıb. Mənim ona vəzifəsinə görə hörmətim olub. Bu gün bu adamla məni necə birləşdirmək olar?”, – Məmmədov birlikdə mühakimə olunduğu generalın ünvanına belə deyib.
Onlarla yanaşı, eyni dövrdə çalışan daha iki MTN polkovniki – sabiq şöbə rəisi Vüsal Ələkbərov və rəis müavini Sahib Ələkbərov da mühakimə olunur.
Məmmədov iddia edib ki, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla da heç vaxt ünsiyyətdə olmayıb, zərərçəkmiş kimi tanınan şəxslərdən pul almayıb. Bu adamların ona pul verməsi haqda niyə ifadə verdiklərini isə bilmir.
MTN DTX-ya çevriləndən sonra da Məmmədov xeyli müddət orada işləyib. Baxmayaraq ki, hələ 2015-ci ildə həbs olunan və vətəndaşlardan hədə-qorxu ilə pul, əmlak tələb etməkdə təqsirləndirilən sabiq MTN vəzifəliləri ilə bağlı cinayət işində onun adı keçirdi. Zərərçəkmiş qismində tanınan şəxslər ifadələrində onu ittiham edirdilər. O, həmin dövrdə şahid qismində dindirilmiş, DTX-da işində qalmışdı.
Hələ o zaman mətbuatda Məmmədovun işini davam etdirməsi onun Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədovun qardaşı olması ilə əlaqələndirilirdi.
Özü isə məhkəmədə belə deyib: “2015-ci ilə qədər MTN-in yaratdığı neqativ halları aradan qaldırmaq üçün gecə-gündüz işdə yatmışam. O haqsızlığı, ədalətsizliyi aradan qaldırmaq üçün canımı qurban vermişəm. O neqativ halları mən aradan qaldırmışam. Əgər cinayət eləmişdimsə, 2015-ci ildən 2021-ci ilə qədər DTX-da necə işləmişəm?”.
Zərərçəkmişlərin narahatlığı
Şıxəliyev keçmiş işçisinin onunla bağlı dediklərinə qısa cavab verib: “Mən bununla necə işbirliyində olub, rüşvət ala bilərdim ki, mənə belə ittiham veriblər?”.
MTN-də saxta ittihamla tutulub, ailələrindən külli miqdarda pul alınandan sonra azadlığa buraxıldığı iddia olunan zərərçəkmişlər Şıxəliyevlə Məmmədovu eyni şüşə kabinədə saxlamamağı hakimlərə tövsiyə ediblər. Onlar insident baş verə biləcəyini istisna etməyiblər.
Sabiq MTN-çilərin məhkəməsində növbəti dəfə keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun dindirilməsi məsələsi qaldırılıb. Həm zərərçəkənlər bunu istəyib, həm də sabiq MTN-çilər. Lakin hakimlər yenə “yox” deyib.
Keçmiş polkovniklər ev dustaqlığına buraxılmalarını xahiş etsələr də, bu məsələdə də rədd cavabı alıblar.