
Fransa Ermənistanla hava hücumundan müdafiə sistemlərinin, o cümlədən 3 ədəd GM200 tipli radarların satışına dair razılıq əldə edib.
Gununsesi.info xəbər verir ki, Fransanın müdafiə naziri Sebastyan Lekornu Parisdə erməni həmkarı Suren Papikyanla birgə mətbuat konfransı keçirib.
Papikyanı Parisdə üçüncü dəfə qəbul etdiyini qeyd edən Lekornu Fransa ilə Ermənistan arasında əlaqələrin uzun tarixə malik olduğunu bildirib.
Ermənistanla müdafiə sahəsində əməkdaşlığın genişləndiyini bildirən fransalı nazir ölkəsinin İrəvandakı səfirliyində hərbi attaşelik açacağını bildirib.
Lekornu əlavə edib ki, 2023-2024-cü illərdə. Fransa Ermənistana hərbi təlim sahəsində dəstək verəcək.
Fransa hərbçilərinin erməni hərbçiləri üçün təlim keçəcəyini qeyd edən Lekornu Fransanın Ermənistanla 3 ədəd GM200 tipli radar satışı ilə bağlı razılığa gəldiyini də bildirib.
Onun sözlərinə görə, bu gün “Mistral” zenit-raket kompleksi ilə bağlı da niyyət sazişi imzalanıb. Fransalı nazir vurğulayıb ki, Ermənistana satılan silahlar hücum məqsədləri üçün deyil, müdafiə və mülki əhalinin müdafiəsi üçün nəzərdə tutulub.
Lekornu həmçinin Fransanın müdafiə şirkəti Dassault Aviation ilə Səudiyyə Ərəbistanının 54 Rafale döyüş təyyarəsi satmaq üçün danışıqlar apardığını təsdiqləyib.
Papikyan da öz növbəsində bildirib ki, “Fransa və fransız xalqı çətin anlarda Ermənistanı dəstəkləyib”.
Papikyan Cənubi Qafqaz və Ermənistanın problemlərinin hələ də həll olunmadığını və ölkəsinin regionda yalnız davamlı sülhə can atdığını vurğulayıb.