Google İsrail və Qəzza zolağında hərəkət məlumatlarını söndürdü

“Google” İsrail ordusunun tələbi ilə İsrail və Qəzza zolağında “Google Maps” və “Waze” proqramlarında hərəkət məlumatlarını söndürüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“Biz əvvəllər münaqişə vəziyyətlərində etdiyimiz kimi və regionda dəyişən vəziyyətə cavab olaraq, təhlükəsizlik məqsədi ilə real vaxt rejimində nəqliyyat və sıxlıq məlumatlarına baxmaq imkanını müvəqqəti olaraq aradan qaldırdıq”, – agentlik şirkət nümayəndəsindən sitat gətirir.

Bu qərarın səbəbi odur ki, real vaxt rejimində yol məlumatlarından İsrail qoşunlarının hərəkəti haqqında məlumat əldə etmək olar. Adı açıqlanmayan agentlik mənbəsinin sözlərinə görə, “Google” İsrail Müdafiə Qüvvələrinin tələbi ilə yol məlumatlarını silib.

“Bloomberg”in məlumatına görə, “Google” əvvəllər də oxşar təcrübəyə əl atıb. Qeyd edilib ki, “Google” 2022-ci ilin martında Ukraynada öz məhsullarında hərəkətməlumatlarına baxmaq imkanını söndürüb.

Gununsesi.info