
Çində növbəti 15 il ərzində pensiya yaş həddini kişilər üçün 63, qadınlar üçün isə 58 yaşa çatdırmağı hədəfləyən hüquqi tənzimləmə qəbul edilib.
Gununsesi.info-nun Sinxua agentliyinə istinadən məlumatına görə, Çinin qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Mərkəzi Komitəsi Pekində keçirilən iki aylıq növbəti iclasında sub-pensiya həddini tənzimləyən qanun layihəsini təsdiqləyib.
1 yanvar 2025-ci il tarixindən etibarən qüvvəyə minəcək tənzimləmə ilə növbəti 15 il ərzində yaş hədləri hər 5 ildən bir mərhələli şəkildə artırılacaq.
Əhalisi 2022-ci ildə ilk dəfə azalan Çin uzunmüddətli demoqrafik dəyişiklik mərhələsini yaşayır.
Mütəxəssislər hazırda 280 milyon civarında olan Çində 60 yaşdan yuxarı əhalinin 2035-ci ildə 400 milyona yüksələcəyini təxmin edirlər.
Çində 16-59 yaşlı əmək qabiliyyətli əhali 2010-2020-ci illər arasında 40 milyon azalaraq 879 milyona düşüb.
Çin, əksər inkişaf etmiş ölkələrdən aşağı olan pensiya yaşı həddini artırmaqla gələcəkdə işçi qüvvəsinin azalması ilə bağlı itkiləri kompensasiya etməyi hədəfləyir.
Çində hazırda hər bir təqaüdçünün xərcləri 5 işçinin töhfəsi hesabına ödənilir.
Əhalinin azalması və qocalması ilə paralel olaraq bu nisbətin 2030-cu ildə 1-dən 4-ə, 2050-ci ildə isə 1-dən 2-yə enəcəyi proqnozlaşdırılır.
Çin Elmlər Akademiyası ölkədəki pensiya sistemi ilə bağlı hesabatında Çinin materikindəki 31 əyalət və bölgədəki bütün yerli hökumətlərin sosial sığorta sistemlərinin kəsirdə olduğunu və 2035-ci ildə pensiya sistemindəki mövcud resursların tükənəcəyi barədə xəbərdarlıq etmişdir.
İlhamə
Gununsesi.info