
Sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclası keçirilib.
İclasda Ortaq Türk Əlifbasının tətbiq olunması təklif edilib. Bu təklif ictimaiyyətdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.
Ortaq əlifbanın hansı üstünlükləri olacaq?
Mövzunu Gununsesi.info-ya şərh edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Tural İrfanın sözlərinə görə, Türk dövlətlərinin birliyi, iqtisadi, siyasi, mədəni əlaqələrin tarixi soy birliyi işığında genişlənir və daha da yaxınlaşır.
“Bu, çox vacib amildir. Bu birliyin möhkəmlənməsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rolu böyükdür. Dünyada ərəblər də daxil olmaqla bir çox xalqların, dövlətlərin vahid əlifbası və dili var. Türklərin niyə olmasın? Təbii ki, türklərin qədim əlifbası Orxon-Yenisey yazılarındakı Göytürk əlifbasıdır. Amma tarixi tənəzzül və istilalar səbəb olub ki, bu əlifba türk xalqında yaşamayıb, yalnız daşlar üzərində tarixi əhəmiyyətini qoruyub. Buna baxmayaraq, hazırda latın hərflərindən ibarət olan ortaq əlifbanın qəbul olunması da təqdirəlayiqdir”, – deyə o əlavə edib.
Tural İrfan qeyd edir ki, Göytürk əlifbası müasir dövrümüzdə heç bir türk dövlətində işlənmədiyinə, artıq tarixə qovuşduğuna görə latın əlifbasının hərflərindən ibarət əlifbanı ortaq əlifba kimi qəbul etmək zəruridir:
“Hər halda, hazırki ortaq qəbul edilmiş əlifba türk dövlətlərinin daha da yaxınlaşmasına və birliyinə xidmət edəcək, uğurlu olsun. Ancaq gələcək üçün Göytürk əlifbasına keçid nəzərdə tutulmalıdır. Buna hazırlıq işləri indidən başlamalıdır. Həmin əlifba türk boylarının nitqini və dilini daha mükəmməl ehtiva edir. Həmin əlifbada kitablar nəşr edilməli və tədris zamanı öyrədilməlidir. Bu əlifba türk dövlətlərinin birliyinə və inkişafına aparan yolun ilk pilləsidir. Ələlxüsus, bizim əlifbamızdakı hərfləri də tam ehtiva edir, hətta əski əlifbada vaxtilə mövcud olmuş “səğir nun” hərfi də əlavə edilib. Çünki bu səs xüsusilə qədim türk dilinin spesifik məziyyətlərinə rəng qatan detallardandır və bunun ortaq əlifbada olması vacib idi”.
Şəbnəm Rəhimova
Gununsesi.info