Sərdar Cəlaloğlunun partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA

Azərbaycanda dövlət qeydiyyatına alınmaq üçün 5 min üzvü olmayan partiyaların fəaliyyətini dayandırma prosesi davam edir. Son iki ay ərzində 7 partiya fəaliyyətini dayandırmağa qərar verib. Bundan əlavə, qeydiyyatdan kənardan qalan siyasi partiyalardan bəzilərinin birləşməsi barədə təkliflər dolaşır.

Növbəti mərhələdə bağlanması gözlənilən partiyalar sırasında Azərbaycan Demokrat Partiyasının da adı çəkilir. Digər iddiaya görə, Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi partiya keçmiş səhiyyə naziri Əli İnsanovun Haqq Ədalət Partiyasına birləşə bilər.

HTML tutorial

Modern.az-ın əməkdaşı iddialara aydınlıq gətirmək üçün Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə əlaqə saxlayıb. O, partiyanın fəaliyyətini dayandırmaq fikrində olmadıqlarını deyib, həmçinin bildirib ki, ADP-nin üzv sayı ilə bağlı problem yoxdur.

“Ədliyyə Nazirliyinin tələb etdiyi siyahını hazırlamışıq. Adıçəkilən qurum forma təqdim etməlidir ki, biz də buna uyğun hərəkət edək. Ədliyyə Nazirliyi bu formanı hələ qəbul etmədiyi üçün gözləyirik. Yəni partiyamız siyahını təqdim eləməyə hazırdır”, – deyə o bildirib.

Sərdar Cəlaloğlu vurğulayıb ki, vaxtilə Azərbaycan Demokrat partiyasının 100 min üzvü olub: 

“Partiyamızda parçalanma olduğu üçün üzvlərimizin sayı azaldı. Amma indi də kifayət qədər üzvümüz var. Hətta onların sayı 10 minə çatır. Yenə qəbul olunmuş qərar bizim üçün problem deyil. Özünü buraxan partiyalar normal fəaliyyət göstərmirdilər. Onlar yalnız mövsümdə üzə çıxıb, daha sonra yox olurdular. Azərbaycanda 10-a yaxın partiya var ki, sayından aslı olmayaraq normal fəaliyyət göstərmir. Hətta özünü buraxan partiyaların 90 faizi gözəçarpan hərəkət etmirdi. Yəni onlar normal fəaliyyət göstərə bilmədikləri üçün özlərini buraxıb. Ümumiyyətlə, təcrübələrimiz göstərir ki, birləşmələr sonda həmin partiyaların parçalanmasına gətirib çıxarır. Məsələn, bizim partiyadan Rəsul Quliyevin və İlyas İsmayılovun tərəfdarları ayrıldı. Ona görə də süni surətdə birləşmənin tərəfdarı deyiləm”.

Gununsesi.info