Keçmiş deputat yenə məhkəmə önündə -Milyonlarla yeyinti ittihamı

Keçmiş deputat Dünyamin Xəlilov həbsdə olduğu 8 il içində üçüncü dəfə mühakimə edilir. Əvvəlki ikisində olduğu kimi, bu dəfə də onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Gununsesi.info xəbər verir ki, avqustun 7-də o, məhkəmə önünə çıxarılarkən məlum olub ki, indiki hakim 2019-cu ildə ona 14 il 6 ay həbs hökmü çıxaran üç hakimdən biridir. İndiki prokuror da 4 il əvvəlki məhkəmədə dövlət ittihamçısı statusunda çıxış edibmiş.

Ancaq D.Xəlilov nə hakimə, nə də prokurora etirazını bildirib. Hətta yazılı ərizəsi ilə də etirazının olmadığını təsdiqləyib. İşinə ədalətlə və obyektiv baxılacağına ümidini də dilə gətirib.

D.Xəlilov bu dəfə “Bakı Fındıq Emalı” MMC-nin keçmiş rəhbəri Azad Cavadovla birlikdə mühakimə olunur. O da həbsdə ola-ola, ikinci dəfə hakim önünə çıxarılıb. Hər ikisi Beynəlxalq Bankdan milyonlarla vəsaiti kredit adı ilə götürüb mənimsəməkdə suçlanır.

Prokurorluğun iddiasına görə, D.Xəlilovla A.Cavadov Beynəlxalq Bankın ovaxtkı rəhbərliyinin göstərişlərini yerinə yetirərək tabeliklərindəki işçiləri bankın müxtəlif filiallarına göndəriblər. Orada işçilərin adlarına kreditlər rəsmiləşdirilsə də, pullar həmin şəxslərin özünə verilməyib. Beləcə, kredit kimi götürülmüş, azı, 6 milyon 642 min manat ələ keçirilib.

 

 

Gununsesi.info