
Dünən Bakıda Finlandiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə iki ölkə arasındakı diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş qəbul keçirilib.
Gununsesi-nun xəbərinə görə, qəbulda Bakıdakı xarici diplomatların, Azərbaycan hökumətinin, parlamentinin, habelə vətəndaş cəmiyyəti qurumlarının və media quruluşlarının təmsilçilərinin qatıldığı tədbirdə Finlandiyanın Azərbaycandakı səfiri Xanım Kristi Narinen çıxış edib.
Finlandiyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu deyən səfir bildirib ki, ötən 30 il ərzində iki ölkə arasında yaxşı münasibətlər qurulub.
Finlandiyanın Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu qurumla əməkdaşlığına yüksək önəm verdiklərini deyən səfir ölkəsinin bu münasibətlərin inkişafına tövhə verməyə hazır olduğunu bildirib.
“Bu gün Finlandiyanın bir sıra aparıcı şirkətləri Azərbaycanda fəaliyyət göstərirlər. “Nurminen Logistica Services Oy” şirkəti Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutunun kommersiyalaşdırılmasında mühüm rol oynayır”.
Azərbaycan hökuməti adından çıxış edən xarici işlər nazirinin müavini Fariz Razyev isə öz nitqində bunları deyib:
“Finlandiya dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasını tanıyan ilk Qərb ölkələrindən biri olmuşdur. Xalqlarımız arasında münasibətlər isə daha uzun tarixə malikdir. Azərbaycan 19-cu əsrin sonu 20-ci əsrin əvvələrində ilk neft bumu dövründə yüzlərlə finlandiyalı yaşamışdır. Son illər ərzində Azərbaycan və Finlandiya arasında siyasi, iqtisadi və humanitar sahələrdə səmərəli əməkdaşlıq qurulmuşdur. Ali və yüksək səviyyədə keçirilən səfərlər və görüşlər əməkdaşlığımızın inkişafına təkan vermişdir. Azərbaycanda yeni iqtisadi imkanlar Finlandiya şirkətlərinin ölkəmizdə daha geniş şəkildə təmsil olunmasına şərait yaradacaqdır”.
Mətləb Yaqublu
Gununsesi.info