Azərbaycanın BMT-dəki səfiri “qış yuxusu”na gedib? – Yaşar Əliyev ən son müsahibəsini bir neçə il öncə verib

  • By arzu
  • 07 Dekabr 2020 12:03

“Vətən müharibəsi” ərzində BMT Təhlükəsizlik Şurasının Dağlıq Qrabağa dair Qətnamələri haqlı davamızın ən önəmli sübutu idi. Dövlət başçısı İlham Əliyev xarici media orqanlarına verdiyi bütün müsahibələrdə bu faktı xatırladırdı.

Prezidentlə yanaşı, bu tarixi faktı tribunlarda, görüşlərdə səsləndirən xeyli sayda dünyanın dörd bir yanında fəaliyyət göstərən siyasətçilər, jurnalistlər və s. vardı. Təəssüf ki, bu müddət ərzində ən çox səsini eşitmək istədiyimiz Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi özünü səssiz moda almışdı.

Xatırladaq ki, diplomatımız Yaşar Əliyev 2014-cü ilin aprel ayından indiyə qədər Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsidir. Əgər internetin imkanlarından faydalanaraq Yaşar bəyin fəaliyyətlərini incələməyə cəht etsəniz, xəyal qırıqlığı yaşamış olacaqsınız. Ona görə ki, sözügedən qurumun və cənab səfirin mediada heç bir fəaliyyəti yoxdur.

Bir çox qaynaqlarda hələ də, Azərbaycanın BMT yanında daimi nümayəndəsi kimi, bir müddət bu vəzifədə olan və 2014-ci ilə fəaliyyətini tamamlayan Aqşin Mehdiyevin adı yazılmaqdadır (wikipedia). Dövrün tələblərinə uyğun şəkildə fəaliyyət göstərməyən səfirimiz bütün qapıları internet məkanına bağlayıb. Onun haqqında və nümayəndəlikdəki fəaliyyət barədə nə bir müsahibə, nə də bir tutarlı fəaliyyət var.

Maraqlıdır ki, xüsusilə bizim üçün önəm daşıyan bu beynəlxalq qurumda Azərbaycanı təmsil edən Yaşar Əliyevin səssizliyinin səbəbi nədir? Bəlkə həqiqətən, bizim görmədiyimiz qaranlıq məqamlar var?! Bəlkə də, cənab səfir Nyu-Yor-da yaşadığı göydələnlərdən dünyaya bir qədər fərqli baxır. Necə deyərlər, bizim baxa bilmədiyimiz o pəncərələrdən. Bəlkə biz yanılırıq. Bəlkə də, həqiqətən, uğurlu təmsil olunduğumuz bir nümayəndəlik var və bundan bixəbər olan bizik.

Ötən müddət ərzində Yaşar Əliyevdən müsahibə almaq üçün dəfələrlə müraciət edən azərbaycanlı jurnalist həmkarlarımız var. Jurnalistlər deyirlər ki, işçiləri onun çox məşğul olduğunu əsas gətirərək müsahibə tələblərini geri çeviriblər. Maraqlıdır ki, Yaşar Əliyev “Vətən müharibəsi”nin getdiyi dövürdə hər gün xarici media qurumlarına müsahibələr verən, tarixi, dünəni, bu günü ən xırda detalları ilə açıqlayan ölkə başçısından daha məşğuldur? Elə bu səbəbdən də, Yaşar bəyə müsahibə üçün müraciət edirik və təklifimizi qəbul edərsə, böyük məmnuniyyətlə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinə ünvanlanan və cavabsız qalan suallara cavab istəyirik.

Gununsesi.org