Şeyxi əmmamələməlimi, ya əmmamələməməlimi? – Arzu Sayadoğlu yazır...

  • By arzu
  • 05 Dekabr 2020 21:03

Dindarlıqdan – dini darlığa…

“Mən 30 ildir şeyxəm, ancaq vicdanın nə olduğunu bilmirəm”. Şeyxülislam Allahşükür Paşazadə  

 

Başı əmmaməli, əyni xalatlı, sinəsi medallarla dolu Şeyxülislam Allahşükür Paşazadə.
Şeyx elə-belə adam deyil. Məlum oldu ki, “Mən 33 ildir şeyxəm, ancaq vicdanın nə olduğunu bilmirəm”, – deyən Allahşükür Paşazadə (AP) vicdandan bixəbər olduğunu söyləsə də, dünyanın ən ali mükafatına – Nobelə Azərbaycanın adından namizədliyə layiq bilinib. Bu barədə Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti Bəybala Ələsgərov bildirib.  Ələsgərov qeyd edib ki, bu il Azərbaycandan sadəcə bir insan namizəd göstərilib və təsdiqlənib. Namizədimiz isə, möhtərəm zati-ailələri şeyx imiş. 10 milyonun içinidə yalnızca vicdanpərəst şeyximiz, başqası yoxmuş… Necə deyərlər: “Ey Vidadi,gərdişi-dövrani-kəcrəftarə bax!”

 

72 yaşında belə, Qafqazın şeyxi vəzifəsini kiməsə qapdırmaq niyyəti olmayan Paşazadə İslam dininin liderlərindən olsa da, nə qəribədir ki, aldığı 28 medalın 13-nü qeyri-İslam ölkəsindən, onlardan 8-ni isə Xristian Rusiyasından alıb.

 

 

 

Ya şeyx, bu nə əda, deyərdim: Siz, axı İslam ölkəsinin liderisiniz… Bəlkə bu cür tərs-mənsəblikdən ölkəmizdə dindarlıq – dini darlığa çevrilib…?

Mətləbdən uzaqlaşmayaq. Hər kəsi Allaha tapşırıb mövzumuza qaldığımız yerdən davam edək. Vicdanın nə olduğunu bilmədiyini deyən baş dindarımız sərəncamlarla “Şərəf” və “Şöhrət” ordeni də, alıbmış. Bəli, bəli.
Aranızda ayağa qalxarcasına “Şərəfə”, – deyə tələsənləriniz varsa, bir az əl saxlayın, deyəcəm. Bu şərəf elə hər iki mənada o “şərəfdən” deyil.

 

Qəribədir ki, möhtərəm şeyxin aldığı medallardan birisi qoyunlarla bağlıdır.  Daha doğrusu, “Qoyunun qızıl dərisi”  ordeni. Yox, yox.  Ağlınıza Rusiyadan Jirinovskinin ağzı ilə zamanında ölkəmiz haqqında deyilmiş “qoyunlar” deyimi gəlməsin. Onlar zatən kimi necə istəyirlərsə, nəyə layiq bilirlərsə,  elə də ödülləndirirlər, bu başqa məsələ. Yəni,sözlə dediklərini əməllə təsdiq edirlər.
Bir jurnalist olaraq ƏLAsız HƏZRƏT şeyximizin Beynəlxalq Fiqh Akademiyasının gerçək üzvü olduğunu da, sizə deməliyəm.

 

Bax,  belə. Gerisi sizə qalsın, dəyərli oxucular.

Necə düşünürsünüz: Sinəsi rus medalları ilə dolu şeyxi əmmamələməlimi, ya əmmamələməməlimi?

 

Arzu Sayadoğlu

Gununsesi.org