Ermənilər Azərbaycanla yeni müharibədən QORXUR

  • By arzu
  • 07 Dekabr 2020 16:15

“Parlaq Ermənistan” partiyasının parlament fraksiyası Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanatdan imtina etməsi halında yeni müharibənin təhlükəsini görür.

Ermənistan KİV-lərinin yaydığı məlumata görə, “Parlaq Ermənistan” partiyasının və parlamentdəki fraksiyasının rəhbəri Edmon Marukyan bunu parlamentin təşəbbüsü ilə keçirilən dinləmələrdə bəyan edib.

O deyib: “Əvvəlcə imzaladığımız bəyanatın onsuz da bir reallıq olduğunu qəbul etdik, tətbiq olunur, ancaq Azərbaycan tərəfinin xeyrinə həyata keçirilir. Danışıq aparmalıyıq. Sənədin ləğvi isə yeni bir müharibə vəd edir. Düşünürəm ki, bu yolu tutmamalıyıq, lakin danışıqlar yolu ilə bu sənəd bir çox cəhətdən bizim xeyrimizə istifadə edilə bilər”.

Görünən budur ki, əvvəlcə ağız dolusu ölkənin baş naziri Nikol Paşinyanın devrilməsindən danışan və noyabrın 10-da imzalanmış Sazişdən imtina yolunu düşünən ermənilər artıq (həm də Rusiyanın bir neçə ciddi xəbərdarlığından sonra) başqa yolu seçib. Sazişin hansısa maddələrindən faydalanmaq fikri onu göstərir ki, ermənilər hələ də məğlubiyyəti həzm edə bilmirlər və başa düşmürlər ki, artıq Azərbaycanın dediyi qanundur və hər şey bizim istədiyimiz kimi olacaq. Əslində ermənilərin yeganə yolu odur ki, onlar nəhayət bundan öncə apardıqları siyasətin özlərini uçuruma apardıqlarını anlasınlar və böyük vaxt, canlı qüvvə və imicinin itkisini başa düşərək, qonşularla normal münasibətləri qurmağa başlasınlar. Bu sadə gerçəyi ermənilər başa düşəndən sonra bəlkə də ölkələrini itirmək yolundan dönəcəklər. Təbii ki, bunu vaxtında anlasalar…

Gununsesi.org