Azərbaycanda vətəndaşlıq almaq problemə çevrilib - SABİR RÜSTƏMXANLI

  • By admin
  • 07 İyun 2024 14:21

Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı uzun illər əvvəl xaricə gedən azərbaycanlıların sonradan qayıdarkən vətəndaşlıq ala bilməməsindən danışıb.

Gununsesi.info-nun xəbərinə görə, deputat çıxışında “Vətəndaşlıq, miqrasiya məsələləri nizama salınmalıdır” deyə bildirib.

Deputat bildirib ki, təxminən 3 milyon adam Azərbaycandan kənarda yaşayır: “Onlar qayıdıb Azərbaycanda vətəndaşlıq ala bilmir. Ailəsi burdadır, amma o adamlar qayıdıb, vətəndaşlıq almaqda problemlə üzləşir. 30 il əvvəl Azərbaycana köçmüş Ahıska türkləri vətəndaşlıq ala bilmir. Bəzən özümüz öz torpağımızda vətəndaşlıq ala bilmirik. Söhbət kənardan gələnlərdən, miqrantlardan getmir. Biz hər şeyi ümumiləşdiririk. Yaxud başqa ölkədən miqrant gəlir, bizdən biriylə evlənmək istəyir, sevir, amma oturum, vətəndaşlıq ala bilmir. Ancaq varlılar üçündür vətəndaşlıq, burda oturum almaq haqqı? Bu, gəlişi gözəl məsələlər deyil. O qədər xoşbəxt nikahlar var, onları görməzdən gəlmək olmaz. Qanunda hökmən bütün prinsiplər nəzərə alınaraq qəbul olunmalıdır. Deyirlər miqrantlar problem yaradır. Axı hər miqranta eyni gözlə baxmaq olmaz”.

 

Günay Mahirqızı

Gununsesi.info