
Milli Məclisin bugün keçirilən iclasında Dövlət büdcəsi, Dövlət sosial müdafiə fondunun büdcəsi, İşsizlikdən sığorta fondunun büdcəsinin müzakirəsi zamanı ƏHD Partiyasının lideri, deputat Qüdrət Həsənquliyevə söz verilməyib.
Gununsesi.info-nun xəbərinə görə, deputat bəyanatında bildirib ki, bu, birinci hal deyil: “Nə çıxışların dayandırılmasını təklif edən, nə də sədrlik edən deputat həmkarına və Daxili Nizamnaməyə münasibət bir yana, heç parlamentin imici barədə də düşünmədilər. 3 məsələ – Dövlət büdcəsi, Dövlət sosial müdafiə fondunun büdcəsi, İşsizlikdən sığorta fondunun büdcəsi birlikdə müzakirəyə çıxarıldı, dövlət həyatı üçün son dərəcə vacib olan bu 3 məsələ üzrə çxış etməyə 5 dəqiqə vaxt ayrıldı, sonra iqtidar nümayəndələrinin bir saatlıq tərif dolu məruzələri dinlənildi, bundan sonra bir neçə nəfər alqışlar yağdırdı və YAP-çı komitə sədrinin təklifi ilə səsvermə keçirilərək çıxışlara son qoyuldu. Çıxış üçün yalnız mən təkid etdim və təkliflərimin olduğunu söylədim. Xoş niyyət, qanuna hörmət olsaydı və fərqli fikir eşitmək istəsəydilər bir nəfərə də çıxış üçün 5 dəqqəlik imkan yaradardılar. Qanuna açıqdan-açığa hörmətsizlik iqtidar təəssübkeşliyindən yox, özgüvənsizlikdən qaynaqlanır”.
Həsənquliyev Prezident İlham Əliyevin Altıncı Çağırış Milli Məclisin açılış iclasında söylədiyi fikirləri xatırladıb: “Milli Məclisin əsas işi qanunvericiliyin təkmilləşdirilməsi və qanunların, Prezidentin qəbul etdiyi qərarların icrasına nəzarət olmalıdır. Mən Milli Məclisin rəhbərliyinə müraciət edirəm: Çıxış edib təkliflər vermədən qanunvericiliyi necə təkmilləşdirmək olar? Milli Məclisin rəhbərliyi qanunları pozursa, necə qanunların icrasına nəzarət edə bilərik? Mənim son dəfə nə vaxt Nizamnamədə nəzərdə tutulduğu kimi, 10 dəqiqə çıxış etməyim yadıma gəlmir. Deputat fraksiyaları olmadığı üçün alternativ məruzələr də dinləmək mümkün deyil. Artıq gündəlikdə neçə məsələnin və nə qədər mühüm əhəmiyyət kəsb etməsindən asılı olmayaraq nahara qədər hamı iclasın yekunlaşmasını istəyir. Çoxluq səsvermə keçirib deputatı çıxış hüququndan məhrum edir. Belə çıxır ki, deputatlar da Prezidentdən kömək istəməlidirlər ki, Sizin imzaladığınız qanuna onu qəbul edən orqanın rəhbərliyi sayğı göstərmir”.
Afət Abbasova
Gununsesi.info