Avropa Məhkəməsi “Laçın dəhlizi”ndəki durumla bağlı qərar verib

  • By admin
  • 21 Dekabr 2022 23:14

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, dekabrın 21-də Ermənistanın “Laçın dəhlizi”ndəki durumla bağlı Azərbaycana qarşı müvəqqəti tədbirin görülməsi tələbi üzrə qərar qəbul edib.

Bu barədə Gununsesi.info aihmaz.org-a istinadən bildirir.

HTML tutorial

Ermənistanın tələbi Dağlıq Qarabağdakı milliyətcə erməni sakinlərin tibbi xidmətə çatım başda olmaqla həyati əhəmiyyətli xidmətlərə çatımı təmin edən “Laçın dəhlizi”nin blok edilməsi iddiası ilə bağlı idi. Məhkəmə bu tələbi incələyib.

 

Məhkəmə öncə, hazırda “Laçın dəhlizi”ndəki duruma Azərbaycan hökumətinin nə dərəcədə nəzarət etməsinin mübahisəli olmasına, durumun aydın olmamasına, əlavə olaraq, 9 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanatın 6-cı maddəsi üzrə Azərbaycanın üzərinə götürdüyü “Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə təminat vermək” öhdəliyini qeyd edib. Konvensiyadan irəli gələn öhdəlikləri xatırladan Məhkəmə, öz Reqlamentinin 39-cu Qaydasına əsasən, tərəflərin mənafeyi və qarşıdakı proseslərin uyğun şəkildə aparılması naminə, Ermənistanda müalicə almağa ehtiyacı olan ağır xəstələrə, sığınacağı və dolanışığı olmayıb yolda qalan digər şəxslərə “Laçın dəhlizi” vasitəsilə təhlükəsiz keçidi təmin etmək üçün Azərbaycan Hökumətinə yurisdiksiyasına daxil olan bütün tədbirləri görməyi bildirmək qərarı verib.

Müvəqqəti tədbirin görülməsi barədə Ermənistanın tələbi Dağlıq Qarabağ regionu ətrafındakı silahlı ixtilafda Konvensiyanın çoxsaylı ciddi şəkildə pozulması iddiaları ilə bağlı dövlətlərarası Ermənistan Azərbaycana qarşı (no. 4) işinin bir parçasıdır. Məhkəmə Reqlamentinin 39-cu Qaydası çərçivəsindəki tədbirlərə, işin qəbuledilənliyi və ya mahiyyəti ilə bağlı hər hansı sonrakı qərarlara xələl gətirmədən, Məhkəmənin qarşısındakı icraatla bağlı olaraq qərar verilir. Məhkəmə, müvəqqəti tədbirlərin görülməsi ilə bağlı tələbləri, yalnız müstəsna hallarda, əks halda ərizəçilərin geri dönüşü olmayan real risqlə qarşı-qarşıya qaldıqları hallarda təmin edir.

 

Günay

Gununsesi.info