
Dekabrın 20-də Yerevanın rəsmi müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının iclası keçirilib.
Gununsesi.info Azadlıq radiosuna istinadən xəbər verir ki, iclasda Ermənistanın qrurumdakı təmsilçisi Mqer Marqaryan belə bir xahişlə çıxış edib.
“Yaranmış vəziyyətdə BMT-nin Təhlükəsizlik Şurasını addımlar atmağa, Azərbaycandan 2020-ci il 9 noyabr üçtərəfli bəyanatının müddəalarını tam icrasını, Laçın dəhlizini təcili və qeyd-şərtsiz açmasını tələb etməyə çağırırıq. Həmçinin Laçın dəhlizinə və Dağlıq Qarabağa missiya göndərməyə, orada yaranmış humanitar vəziyyəti dəyərləndirmək üçün faktları müəyyənləşdirməyə, BMT-nin humanitar strukturlarının maneəsiz girişini təmin etməyə çağırırıq”, – Marqaryan bildirib.
Azərbaycanın BMT-dəki səfiri Yaşar Əliyev isə Ermənistan tərəfin iradlarına cavab olaraq bir daha bildirib ki, Dağlıq Qarabağ adlı region mövcud deyil və Laçın dəhlizini də heç kim bağlamayıb. Əliyevin sözlərinə görə, Bakı yerli ermənilərlə birbaşa kontakt qurur. O, “uğurlu kontaktlara” nümunə kimi yeni Laçın yolunun çəkilməsini, azərbaycanlı mütəxəssislərin Sərsəng su anbarına ziyarətini vurğulayıb.
“Görünür, Ermənistan və bəzi üçüncü ölkələr yerlərdə müsbət hadisələrdən daha çox narahat olaraq müxtəlif növ provokasiyalara əl atır, gərginlik yaratmağa, kövrək tənzimləmə prosesini pozmağa çalışır. Pis ad çıxarmış, Azərbaycanın təbii resurslarının qanunsuz istismarıyla birbaşa əlaqəsi olan, ancaq regionla heç bir bağlılığı olmayan biznesmen Ruben Vardanyanın Azərbaycanın Qarabağ regionunda peyda olması, bəzi xarici oyunçuların sabitsizlik yaradan hərəkətləri bütün bunların aydın sübutudur”, – Əliyev vurğulayıb.
Günay Təhməzova
Gununsesi.info