
“Avropa Şurasının üzvü olan Azərbaycanda məhz İnam Kərimov kimi şəxsin Ali Məhkəmə sədri təyin olunması ciddi hadisədir. Mən açıq söyləyim, məhkəmə sistemimizdə İnam Kərimov kimi yüksək hüquq təhsilli hakimlər azdır. O, hüquq təhsilinə Avropada yiyələnib. Müasir qanunvericiliyi, beynəlxalq konvensiyaları gözəl bilir”.
Bunu İnam Kərimovun Ali Məhkəmə sədri təyin olunması faktına dair Gununsesi.info-nun sorğusuna cavab olaraq, Yasamal Məhkəməsinin sədri İslam Əliyev deyib.
Məhkəmə sədri bildirib ki, ölkə başçısının bu təyinatı Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının tərkib hissəsidir: “Bilirisiniz ki, İnam Kərimov Strasburq universitetində bakalavr, Parisdə Sorbonna universitetində isə magistr dərəcəsi alıb. 2013-cü ildə yenə də Sorbonna universitetində hüquq üzrə doktor adını alıb. Avropa Məhkəməsinin presedent hüququnu da gözəl bilir. Ona görə də hesab edirəm ki, İnam Kərimovun Ali Məhkəmə sədri təyinatı ümumulikdə məhkəmə-hüquq sistemi üçün uğurlu təyinatdır. Mən bu təyinatı Azərbaycan Prezidentinin “Məhkəmə -hüquq sistemindəki islahatların dərinləşdirilməsinə dair” fərmanından irəli gələn addım hesab edirəm. Məhkəmə-hüquq islahatları elə bir sahədir ki, onun əvvəli olsa da sonu olmur. Bu proses daim davam edir. Bu baxımdan mən bu təyinatı həmin prosesin davamı hesab edirəm”.
Elmar Elnuroğlu
Gununsesi.info