
UNICEF əməkdaşlarının bloklanmış Qəzza zolağındakı uşaqlara çata bilməsi üçün dərhal humanitar atəşkəs elan etməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə UNİCEF-in X sosial şəbəkəsindəki hesabında yer alan məlumatda deyilir.
Təşkilat eksklavdakı uşaqların vəziyyətini “fəlakətli” adlandırıb.
“UNICEF Qəzza zolağında uşaqların kritik ehtiyaclarına cavab verir, lakin onlara çıxış getdikcə çətinləşir və təhlükəli olur. Uşaqlara çatmaq üçün təcili humanitar atəşkəsə ehtiyacımız var”, – məlumatda deyilir.
Məlumat “Bütün müharibələrdə ilk növbədə uşaqlar əziyyət çəkir” yazısı olan bir fotoşəkillə müşayiət olunub.
Oktyabrın 7-də səhər saatlarında HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadaları İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
HƏMAS bildirib ki, əməliyyat işğal altındakı Şərqi Qüdsdə Əl-Əqsa məscidinə hücuma və İsrailin fələstinlilərə qarşı artan zorakılığına cavabdır.
Buna cavab olaraq İsrail ordusu Qəzza zolağında HƏMAS-a qarşı onlarla döyüş təyyarəsindən istifadə edərək “Dəmir qılınclar” əməliyyatına başladığını elan edib.
İsrail-Fələstin münaqişəsinin gərginləşdiyi vaxtdan bəri 2300-dən çox fələstinli və 1300 israilli həlak olub.
İsrail həmçinin Qəzza zolağına su və elektrik tədarükünü əngəlləyib və bu, 2007-ci ildən blokadada olan bölgədə yaşayış şəraitini daha da pisləşdirib.
Səid Əhmədli
Gununsesi.info