
Azərbaycan milliləri bu gün Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçirəcəklər.
Gununsesi.info Oxu.Az – a istinadən xəbər verir ki, VI turda Azərbaycanın kişilərdən ibarət seçmə komandası Litva ilə qarşılaşacaq.
Komandamız buna qədər İordaniya, Finlandiya, Moldova və Monteneqroya qalib gəlib, Hindistana uduzub. Zəka sahiblərimiz 8 xalla 9-cu sırada qərarlaşıblar.
Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı yer alıb.
Qadınlardan ibarət seçməmiz isə Vyetnamla üz-üzə gələcək. Komandamız Nikaraqua, Avstraliya və Sloveniyaya qalib gəlib, Argentina və Ukrayna ilə heç-heçə edib. 8 xala malik qadın millimiz 11-ci sırada yer alıb.
Kapitanı Mixail Şereşevski olduğu seçmə komanda Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovan ibarətdir.
Qeyd edək ki, qarşılaşma üçün heyətlər hələ müəyyənləşməyib.
Gununsesi.info