
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sülhün bərqərar olması üçün regional münasibətlərin məzmununu və keyfiyyətini dəyişmək lazımdır.
Gununsesi.info Ermənistan KİV-inə istinadən xəbər verir ki, baş nazir hesab edir ki, regionda sülhün bərqərar olması üçün sadə, lakin vacib şeylərdən başlamaq lazımdır.
Paşinyan həm rəsmi, həm də gündəlik səviyyədə nifrət nitqinin istisna edilməsini atmosferin yaxşılaşdırılmasında mühüm element hesab edir.
Onun sözlərinə görə, soyqırımın qarşısının alınması mövzusu xalqlar arasında düşmənçiliyin pisləşməsinə və dərinləşməsinə səbəb olmamalıdır: “Ermənistanda və ya Azərbaycanda siyasi opponentləri incitmək üçün müvafiq olaraq “türk”, “erməni” adlandırılması praktikasına son qoyulması vacibdir”.
Baş nazir qeyd edib ki, Ermənistanda onun özünü çox vaxt “türk” adlandırırlar. Ancaq o, özü bunu özünə təhqir kimi qəbul etmir, buna baxmayaraq, sülhə nail olmaq istəyi varsa, bu çirkin əmələ son qoyulmalı olduğunu nəzərə alır. Paşinyan əmindir ki, etnik qrupların adları heç vaxt təhqir olmamalıdır.
Baş nazir bu kontekstdə Ermənistan, Gürcüstan və Azərbaycanın iştirakı ilə regional dialoq formatı təklif edib və bunun regional əməkdaşlığa töhfə verə biləcəyini qeyd edib.
“İdeya yeni deyil və mən həmişə onu dəstəkləmişəm. Amma mən mühüm, fundamental düstur təklif etmişəm – Ermənistan-Gürcüstan-Azərbaycan platformasından yalnız və yalnız bizim regionda “nifrət nitqi”ni istisna etmək üçün istifadə edilməlidir”, – o deyib.
Paşinyan əmindir ki, regional düşmənçiliyin qarşısının alınması bir sıra sadə, lakin vacib şeyləri ehtiva edir.
Gununsesi.info