Təyyarə qəzasında 72 nəfər ölmüşdü – Səbəbi bəlli oldu

Yanvarın 15-də Nepalda baş verən və 72 nəfərin həyatını itirdiyi və son 30 ilin ən dəhşətli təyyarə qəzası adlandırılan qəzanın səbəbi məlum olub.

Gununsesi.info xəbər verir ki, yanvarın 15-də Yeti Hava Yollarına məxsus “ATR 72” tipli sərnişin təyyarəsinin Seti çayı vadisi yaxınlığında qəzaya uğraması nəticəsində 72 nəfər həlak olub. Nepalın baş naziri Puşpa Kamal Dahal qəzanı araşdırmaq üçün 5 nəfərlik komissiyanın yaradılmasına qərar verib və ölkə daxilində 1 günlük “ümummilli matəm” elan edib.

Təyyarənin “qara qutusu” yanvarın 16-da tapılaraq ekspertiza üçün Fransaya göndərilib.

Nəhayət, qəzanın səbəbi bəlli oldu. Nepal hökuməti tərəfindən təyyarə qəzalarını araşdırmaq üçün təyin edilən 5 üzvdən ibarət komissiya paytaxt Katmandudan Poxaraya havalanan Yeti Hava Yollarına məxsus “ATR 72” tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatı açıqlayıb.

Qəzanın həm insan səhvi, həm də diqqətsizlik nəticəsində baş verdiyi bildirilən xəbərə görə, qəzanın ən çox ehtimal olunan səbəbinin pilotların uçuş zamanı elektrik enerjisini səhvən kəsməsi və sonradan yaranan fəsadlar olduğu bildirilib.

Məlumatda həmçinin qeyd olunub ki, təyyarəyə lazımi texniki qulluq göstərilib, heç bir qüsuru olmayıb, pilotlar heyəti ölkənin Mülki Aviasiya Administrasiyasının nizamnaməsinə uyğun olaraq seçilib.

Gununsesi.info