Təqsirini boynundan atmaq istəyən Vaqif Xaçatryana şahidin cavabı - YENİLƏNİB + FOTO/VİDEO

Vaqif Xaçatryanın məhkəməsində zərərçəkmiş Nemət Kamal oğlu Rəcəbov ona sual edib.

Xaçatryan bildirib ki, azərbaycanlılara qarşı cinayətlərdə iştirak etməyib.

Keçmiş polis serjantı Rəcəbov Nemət isə ona etiraz edib.

Videonu təqdim edirik:

11:33

“Vaqif Xaçatryana ömürlük həbs cəzası verilməyəcək”.

Gununsesi.info-nun məlumatına əsasən, bunu Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesində deyib.

O bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, yaşı 65-i keçmiş qadın və kişilərə ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilmir.

Qeyd edək ki, Vaqif Xaçatryan 1955-ci il təvəllüdlüdür.

11:29

Xocalının Meşəli qəsəbəsində azərbaycanlılara qarşı soyqırımı törətməkdə ittiham olunan Vaqif Xaçatryana qarşı ittiham aktının bəzi hissələri məlum olub.

Gununsesi.info -nun məlumatına əsasən, bununla bağlı Xaçatryanın məhkəmə prosesində dövlət ittihamçısı Müqəddəs Sultanov çıxış edərkən deyib.

İttiham aktında göstərilib ki, Vaqif Xaçatryan  1988-ci ilin noyabr ayının sonlarında sürücülük məktəbini bitirmələri ilə əlaqədar imtahan vermək məqsədi ilə Xankəndi şəhərinə gəlib və Xankəndi Şəhər Polis (keçmiş milis) İdarəsinə salınaraq orada saxlanılmış, Xocalı rayonunun Meşəli kənd sakinləri Məmməd İslam oğlu Kazımov və Zakir Novruz oğlu Novruzovun saxlanıldıqları otağa qanunsuz silahlı hərbi birləşmələrin istintaqa məlum olmayan digər beş üzvü ilə birlikdə daxil olub, onları erməni dilində nalayiq sözlərlə təhqir edərək azərbaycanlıların kökünü kəsmək lazım olduğunu bildirib.

Bildirilib ki, o bu məqsədlə həmin şəxslərə yumruq və təpiklə üz, baş və bədənin digər nahiyələrinə çoxsaylı zərbələr vurub, döyüb.

“Daha sonra Qarabağın kimə məxsus olduğunu soruşaraq cavab almadığına görə onları döyməyə davam edib və üzərində olan bıçağı nümayiş etdirərək: “Sizin hər birinizin bir yerinizi kəsmək lazımdır ki, artıb törəyə bilməyəsiniz”, – sözlərini işlədib, Məmməd Kazımovun xaya nahiyəsinə bıçaqla bir zərbə vurub.

Zərbənin təsirindən yıxılan Məmməd Kazımov erməni dilində Vaqif Xaçatryanın ünvanına nalayiq sözlər işlətdiyinə görə o, əlindəki bıçaqla hər iki ayağının üzərində kəsiklər etməklə ona sağlamlığa yüngül zərərvurmaya aid “xayalığın, sol və sağ aşıq-baldır oynaq proyeksiyasının və sağ ayaq pəncəsinin arxa səthinin kəsilmiş yaraları, sağ qaşın sol gicgah nahiyəsinin və sağ əlin birinci barmağının küt yarası” xəsarətlərini yetirib, “Qoy it kimi canın çıxanadək qanın axsın” sözlərini işlədib”, – deyə ittiham aktında bildirilir.

Xatırladaq ki, Vaqif Xaçatryanın məhkəmə istintaqı Bakı Hərbi Məhkəməsində aparılır.

10:29

Vaqif Xaçatryanın hüquqlarını müdafiə edən vəkil dəyişib.

Gununsesi.info-nun məlumatına görə, buna səbəb Vaqif Xaçatryanın vəkili Natiq Bəybalayevin səhhətində yaranan problemdir.

Bundan sonra Vaqif Xaçatryanın hüquqlarını Radmila Abılova müdafiə edəcək.

10:05

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin növbəti məhkəmə prosesi başladı.

Gununsesi.info-nun məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

09:28

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin növbəti məhkəmə prosesi keçiriləcək.

Gununsesi.info-nun məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək.

İş üzrə dövlət ittihamını baş prokurorun köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov müdafiə edəcək.

Məhkəmədə Vaqif Xaçatryanın hüquqlarını isə vəkil Natiq Bəybalayev müdafiə edəcək.

Qeyd edək ki, məhkəmə prosesində hazırlıq iclası oktyabrın 13-də keçirilib.

İş üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, 29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezoviç Xaçatryan səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub.

Həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib.

Sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bildirək ki, Vaqif Xaçatryan qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyyətindən olan şəxslərə qarşı törədilmiş soyqırımı və deportasiyada iştirakda ittiham olunur.