Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Fərhad Məmmədov Azərbaycan və Ermənistan arasında sülh prosesinin hazırkı vəziyyətinə və danışıqlarda müşahidə olunan durğunluğa münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Ermənistanda parlament seçkilərindən, hökumətin formalaşdırılmasından və Hökumət Proqramının qəbulundan sonra sülh gündəliyində fəallaşma gözlənilirdi. Lakin son iki ayda konkret addımlardan daha çox informasiya səs-küyü müşahidə olunur. Mahiyyət etibarilə, proses dayanma vəziyyətindədir.
2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunmuş razılaşmalara baxmayaraq, əsas istiqamətlər üzrə irəliləyiş görünmür. Ermənistanın yeni Konstitusiyasının layihəsi ictimaiyyətə təqdim edilməyib, referendumun keçirilməsi ilə bağlı konkret məlumat yoxdur. TRİPP layihəsinin tikintisi üzrə tenderlər və podratçı barədə də aydınlıq yoxdur.
Sülh gündəliyinin irəliləməməsi vətəndaş cəmiyyəti səviyyəsində əlaqələrə də mənfi təsir göstərir. Bununla belə, Azərbaycan de-fakto sülhün qorunmasına sadiqdir və əldə edilmiş nailiyyətlərdən geri çəkilmək niyyətində deyil.
Razılaşdırılmış sülh gündəliyinə əsasən, Ermənistanda yeni Konstitusiya ilə bağlı referendum keçirilməli, ərazi iddialarını ehtiva etməyən Konstitusiya qəbul olunmalı, bundan sonra isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Yeni Konstitusiya qəbul edilmədən sülh müqaviləsinin imzalanması mümkün olmayacaq.
Anklav və eksklavların mübadiləsi məsələsinə gəlincə, bu mövzu hökumətlərarası komissiya çərçivəsində müzakirə edilməyib. Ərazilərin mübadiləsi ilə bağlı bəyanatlar isə bu istiqamətdə danışıqlar aparıldığı təəssüratını yaradır.
Sülh gündəliyinin irəliləməsi üçün konkret addımların atılması, prinsipial qərarların qəbul edilməsi və razılaşdırılmış məsələlərin icrası vacibdir. Qeyri-müəyyənliyin uzanması sülh prosesinə olan etimadı daha da azalda bilər”.
Şəbnəm












