SOCAR istiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib

SOCAR istiqrazlarının növbəti faiz ödənişi həyata keçirilib

Bu gün SOCAR istiqrazlarının 14-cü faiz ödənişi baş tutub.

Gununsesi.org bildirir ki, “SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, nominal qiyməti 1 000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliyi 5% olan və faizləri üç aylıq qrafiklərlə ödənilən SOCAR istiqrazlarının 1,25 milyon manatlıq rüblük faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.

Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 17 milyon 500 min ABŞ dollarına yüksəlib.

“Təkrar bazar əməliyyatları həcminin 190 milyon ABŞ dollarına çatması, bağlanmış əqd sayının 2000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının 34 milyon ABŞ dolları təşkil etməsi SOCAR istiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir.

SOCAR istiqrazı sahibləri əlverişli şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla, 15-16 faizlə manat krediti cəlb edə bilərlər. Bu halda istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktiki dərəcəsi 9-10%-ə qədər enmiş olur”, – deyə məlumatda qeyd edilib.

1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 iyul tarixində baş tutacaq. Ətraflı məlumat üçün *19 99 nömrəsi investorların xidmətindədir.

Gununsesi.org

COMMENTS