Yeni Konstitusiya Simonyanı vəzifəsindən avtomatik uzaqlaşdırmayacaq -ŞƏRH

“Ermənistanda yeni Konstitusiya layihəsi hələ ictimaiyyətə tam açıqlanmayıb, amma ondan gələn ilk konkret xəbər maraqlıdır. Ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan “Joxovurd” qəzetinə təsdiqləyib ki, yeni Əsas Qanunda Təhlükəsizlik Şurasının katibi vəzifəsi nəzərdə tutulmur. Qəzet bu açıqlamanı belə şərh edib ki, yeni Konstitusiya qəbul olunarsa, hazırda bu vəzifəni tutan Alen Simonyan postunu itirəcək”.

Gununsesi.info  bildirir ki, bu fikirləri politoloq Qulamhüseyn Əlibəyli deyib:

“Bu açıqlamaya və qəzetin şərhinə iki aspektdən yanaşmaq olar.

Birincisi, Təhlükəsizlik Şurası katibi vəzifəsinin Konstitusiyada nəzərdə tutulmasına xüsusi zərurət yoxdur. Konstitusiyalarda adətən Təhlükəsizlik Şurasının bir qurum kimi yaradılması, ona kimin rəhbərlik etdiyi və əsas funksiyası təsbit olunur. Şuranın tərkibi, daxili strukturu, katibin statusu və səlahiyyətləri kimi digər məsələlər isə cari qanunvericilik, yaxud dövlət başçısının aktları ilə müəyyən edilir. Bu, beynəlxalq təcrübədə geniş yayılmış yanaşmadır: Əsas Qanun institutun mövcudluğunu təmin edir, onun gündəlik fəaliyyətinin təşkilini isə daha çevik normativ aktlara həvalə edir.

Məsələn, Rusiya Konstitusiyasında təsbit olunur ki, Prezident Təhlükəsizlik Şurasını formalaşdırır və ona rəhbərlik edir, Şuranın statusu isə federal qanunla müəyyən edilir. Yəni Rusiyada Təhlükəsizlik Şurası katibi vəzifəsi Konstitusiya səviyyəsində deyil, ayrıca qanunla nəzərdə tutulub.

Türkiyədə Milli Təhlükəsizlik Şurasının yaradılması, tərkibi və funksiyaları Konstitusiyada göstərilir, Milli Təhlükəsizlik Şurası Baş Katibliyinin təşkili və vəzifələrinin isə Prezidentin qərarnaməsi (fərmanı) ilə tənzimləndiyi qeyd olunur. Buna uyğun olaraq Baş Katib vəzifəsi də Prezident fərmanı əsasında müəyyən olunur.

Azərbaycan Konstitusiyasında Təhlükəsizlik Şurasının Prezident tərəfindən yaradılması nəzərdə tutulur. Şuranın katibi vəzifəsi Konstitusiyada ayrıca göstərilməyib, Prezidentin fərmanı ilə müəyyən olunur. Göründüyü kimi, hər üç ölkədə model fərqli olsa da, ümumi prinsip eynidir: katib vəzifəsi konstitusiya normasının deyil, aşağı səviyyəli normativ aktın predmetidir”.

O qeyd edib ki, Ermənistanda hazırkı vəziyyət Rusiyadakına bənzəyir:

“Qüvvədə olan 2015-ci il Konstitusiyasına görə Baş nazir Təhlükəsizlik Şurasına rəhbərlik edir, Şuranın tərkibi, formalaşdırılması və fəaliyyət qaydası isə qanunla müəyyən edilir. Təhlükəsizlik Şurası katibi vəzifəsi də Konstitusiyada deyil, məhz bu qanunda nəzərdə tutulub.

Bu baxımdan Ədliyyə nazirinin mətbuat katibinin “yeni Konstitusiyada katib vəzifəsi nəzərdə tutulmur” açıqlaması özlüyündə Ermənistanda Təhlükəsizlik Şurası katibi vəzifəsinin ləğvi anlamına gəlmir. Bu, sadəcə hazırkı vəziyyətin yeni layihədə olduğu kimi saxlanılması kimi qiymətləndirilməlidir. Başqa sözlə, yeni Konstitusiyanın referendumda qəbulu Alen Simonyanın avtomatik olaraq Təhlükəsizlik Şurası katibi postunu itirməsi ilə nəticələnməyəcək. Katiblik yalnız müvafiq qanuna dəyişiklik edildiyi təqdirdə ləğv oluna bilər.

Ümumiyyətlə, TŞ katibi vəzifəsinin Konstitusiyada deyil, qanunda və ya dövlət başçısının fərmanında nəzərdə tutulması bu vəzifənin hüquqi əhəmiyyətini azaltmır. Həmin vəzifənin real çəkisi, dövlət siyasətinə və hakimiyyət strukturlarına təsiri isə həmin vəzifəni tutan şəxsin kimliyindən daha çox asılıdır”.

 

 

Şəbnəm

Gununsesi.info