
“Qubad İbadoğlunun səhhətində problemlər qalmaqdadır. Havaların isti keçməsi probleməri daha da artırır. Onun ürək-damar sistemində problemlər var, qan təzyiqi tez-tez dəyişir. Eyni zamanda şəkər xəstəliyindən əziyyət çəkir. Son günlər qanda şəkərin səviyyəsi daha da yüksəlib”.
Bunu Gununsesi.info-ya açıqlamasında ADR Partiyasının sədri Qubad İbadoğlunun vəkili Bəhruz Bayramov deyib.
Müvəkkili ilə görüşən vəkil son günlər bəzi media orqanlarında İbadoğlu haqqında yazılanlarla bağlı da onun mövqeyini açıqlayıb.
Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımovla bağlı deyilənlərə toxunan vəkil deyib ki, , Qubad bəyə onlarla tələbə, iqtisadçı müraciət edərək məsləhətlər alıb:
“Bu təbii haldır. Onun çoxsaylı tələbləri bunu edib. Yəni, Qubad İbadoğlunun kiminləsə saxta pul hazırlaması, hansısa dəstə yaratması, bu mümkün olan hal deyil”.
Vəkil deyib ki, Qubad İbadoğlu “Palmalı” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovla əlaqələri barədə yerli mediada yayılan məlumatları təkzib edib:
“Qubad bəy bildirdi ki, Mübariz Mənsimovla heç zaman görüşməyib. Dedi ki, ümumiyyətlə onunla heç bir əlaqəsi olmayıb”.
Afət Abbasova
Gununsesi.info