Qəzaya uğrayan helikopter Şahın dövründən qalıbmış - SANKSİYALARA GÖRƏ İRAN YENİ HELİKOPTER VƏ TƏYYARƏ ALA BİLMİR

  • By admin
  • 20 May 2024 14:08

İçərisində  İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və bir neçə digər rəsmi şəxsin olduğu helikopterin  qəzaya uğraması barədə müxtəlif versiyalar ortaya çıxıb. 

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz maraqlı fakt açıqlayıb.

Onun sözlərinə görə, İran prezidentinin istifadəsində olabn helikopter 50 il əvvəl alınıbmış:

“50 il bundan öncə, Rza Şah Pəhləvi dövründə alınan helikopterdən istifadəsi ağlasığmazdır. Bu helikopterin ən qədim versiyası elə 1979-da hazırlanıb, güman ki, İran da elə o zamanlar bunu alıb”.

 

“Atlas” Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə  bildirib ki, qəzadan sonra çoxlu müxtəlif versiyalar olub: “Amma hava şəraiti və təbii qəza olduğu ilə bağlı versiya daha güclüdür. İran da bu versiya üzərində dayanır. Amma baxdıqda İranın təyyarələri, helikopterləri çox aşağı keyfiyyətlidir. Sanksiyalara görə İran təyyarələr ala, təmir edə bilmirdi”.

Onun fikrincə, bu hadisə İranın daxilində müxtəlif qruplaşmalar arasında mübarizənin nümunəsi də ola bilər: “Havada üç helikopter olub. Prezident və xarici işlər naziri üçüncü helikopterdə olub. Qəza baş verərkən irəlidə gedən iki helikopter nədən geri qayıdıb hadisəni araşdırmayıb?! İbrahim Rəisi mühafizəkar dairənin təmsilçisi idi və, ehtimallara görə, xəstə olan ali dini lideri yaxın müddətdə əvəz də edə bilərdi. Ona görə şayiələr yayılır ki, İbrahim Rəisinin neytrallaşması İrandakı daxili qruplaşmaların hansınınsa planı da ola bilərdi”.