
Rusiyalı iş adamı, oliqarx Mixail Fridman Lüksemburq hökumətindən ölkə tərəfindən “özgəninkiləşdirilən” aktivlərə görə təzminat tələb edib.
Gununsesi.info-nun məlumatına əsasən “Alfa Bank”ın təsisçisi ona 15,8 milyard avro təzminat ödənilmədiyi təqdirdə hakimiyyəti beynəlxalq arbitrajla hədələyib.
İş adamı bildirib ki, onun aktivlərini bloklamaqla Lüksemburq 1989-cu ildə Belçika və Lüksemburq, eləcə də Sovet İttifaqı arasında investisiyaların qarşılıqlı qorunmasına dair ikitərəfli investisiya müqaviləsini pozub. Fridman onun aktivlərinin dondurulmasını qeyri-qanuni özgəninkiləşdirmə kimi qiymətləndirir.
Məlumata görə, kompensasiyanın ödənilməsi təklifi hələ fevral ayında Lüksemburq hakimiyyətinə göndərilib. Lakin Fridmanın nümayəndələri bu müddət ərzində hələ də cavab almayıb.
Bildirilir ki, iş adamı tərəfi imtina halında BMT-nin Beynəlxalq Ticarət Hüququ Komissiyasına və ya Stokholm Arbitraj Məhkəməsinə müraciət etmək hüququna malikdir.
1989-cu il investisiya müqaviləsinin mətninə görə, investorların investisiyaları ekspropriasiya və ya milliləşdirilə bilməz. Yeganə qərarın ictimai maraqlara əsaslanaraq, ayrı-seçkilik yaratmadığı hallar istisnadır.
Bu cür tədbirlər investorlara sərbəst dönərli valyutada təxirə salınmadan ödənilən kompensasiya ilə müşayiət olunmalıdır.
Bildirilir ki, Fridmanın Lüksemburqla mübahisəsi məhkəməyə gedərsə, işin həlli müqavilənin müddəalarının təfsirindən asılı olacaq. Mütəxəssislərin fikrincə aktivlərin dondurulması özgəninkiləşdirmə deyil. Çünki şəxs onlara sahib olmaqda davam edir.
Fridman bir sıra Lüksemburq şirkətlərində, o cümlədən CTF Holdings, ABH Holdings, Alfa Asset Management (Avropa), Alfa Capital Investments Holdings, LetterOne Holdings və LetterOne Investment Holdings-də paylara malikdir. Bu şirkətlər vasitəsilə o, müxtəlif yurisdiksiyalara və sektorlara, o cümlədən Alfa Bank və Amsterdam Ticarət Bankına, telekommunikasiya şirkətləri Veon və Turkcellə, əczaçılıq qrupu Emma Healthcare və digər firmalara sərmayə qoyub.
Xatırladaq ki, aprelin əvvəlində Lüksemburqdakı Avropa Ümumi Yurisdiksiya Məhkəməsi Mixail Fridman və Peter Avenə qarşı sanksiyaları ləğv edib.
Məhkəmə sədri bildirib ki, iş adamları ilə bağlı Avropa İttifaqı Şurasının qərarları həmin şəxslərin adı ilə bağlı olan hissədə ləğv edilir.
Sonradan məlum olub ki, iş adamları məhkəmə qərarına baxmayaraq, sanksiyalar altında qalıb.
Qeyd edək ki, Lüksemburq məhkəməsi daha əvvəl Fridmanı sanksiya siyahısından çıxarıb.
Şəbnəm
Gununsesi.info